“Bakı”-əbədi, həmişəyaşar şəhər

baki-ebedi-hemiseyasar-seher
Oxunma sayı: 5185

Ölkəmizin paytaxtı Bakı şəhərinin adı ilə bağlı müxtəlif dövrlərə aid araşdırmalara diqqət etsək, bunun şahidi olarıq. "Bakı" indiyədək dəqiq izahatını tapa bilməmiş minlərlə toponimdən biridir. Bəzi alimlər bu toponimi eramızın VII əsrində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndirirlər, bəzilərinin fikrincə isə paytaxtımızın adı "Bakuyə" sözündən götürülmüşdür. "Baquvən" və "Badi-kubə" variantlarının da tərəfdarı çoxdur. "Badi-kubə" farsca "küləkdöyən" deməkdir və bu məfhum ilk baxışda şəhərin təbiətinə uyğun gəlir, "Baquvən" isə "alovlar allahının şəhəri" kimi tərcümə olunur ki, bu toponimin mənası vaxtı ilə Bakıda və onun ətrafında mövcud olan atəşgahlara işarədir. Bəziləri isə hesab edir ki, şəhərin adı "Baku" (h) sözündən götürülmüşdür. "Ba" azəri türkcə "lıq" şəkilçisi, "ku" (h) isə farsca "dağ" deməkdir, yəni "dağlıq yer".(?)

Yuxarıdakı fərziyyələrlə bağlı kifayət qədər suallar meydana gəlir. Əgər doğrudan da şəhərin adı “bakan” tayfasının adından götürülmüşsə, onda səslənməsi o qədər də mürəkkəblik doğurmayan bu sözün“Bakı” sözü ilə əvəz olunması hansı zərurətdən irəli gəlib? Və yaxud, bu adın mənşəyi “Badi-Kubə” sözünə gedib çıxırsa, onda bu söz niyə olduğu kimi deyil, hər iki kəlmənin sonundakı müvafiq olaraq, “di” və “bə” sözləri atılaraq, ilkin hecaları günümüzə gəlib çıxıb? Məgər, iki kəlmədən ibarət olan və yaxud, defislə yazılan, bundan da mürəkkəb şəhər adları indinin özündə dünyada azmı mövcuddur. Məsələn, “Kuala-Lumpur” “ Əddis-Əbəbə”, “Buanes-Ayres”və s. Eyni fikirləri sonuncu fərziyyə haqqında da demək olar. Üstəgəl, həmin ehtimal Bakının dağlıq relyefdə yerləşmədiyi ilə öz inandırıcılığını itirir. Mənə belə gəlir ki, Bakı şəhərinin adını yad sözlərdə axtarmaqdansa, qədim zamanlardan bəri bu ərazidə türk tayfalarının məskunlaşmasını əsas amil kimi götürərək, məhz bu dildə mövcud olan oxşar kəlmələrə müraciət etməmiz daha doğru olardı. Uzun əsrlər boyu Anadolu türkcəsində geniş şəkildə özünə yer tapmış bir “Baki”sözü var. Bu söz ərəb dilində işlənən “baqi” sözünün dəyişikliyə uğramış variantıdır. Tərcümədə əbədi, daimi, həmişəyaşar anlamını verir. Ötən əsrin 20-ci, 30-cu ilərində, sovetlər dönəmində ölkəmizin paytaxtına bir çox hallarda Bakidə deyilib. Bunu həmin dövrə aid sənədlər və ozamanlarda Azərbaycanda çəkilmiş filmlər də təsdiq edir. Həmin filmlərin titrlərində “Baki kinostudiyasının istehsalı”sözləriyəqin ki, diqqətli tamaşaçının nəzərindən qaçmayıb. İndinin özündə qardaş Türkiyədə “Baki” adı kişi cinsinə mənsub olan, həm də geniş yayılan ad və soyadlardandır. Türkiyənin məşhur dilçi alimi, ölkəmizin də yaxın dostu, Azərbaycan türkcəsinin saflığını və təmizliyini hər zaman nümunə kimi təbliğ edən Yavuz Bülənd Bakilər də daxil olmaqla, bir çox tanınmış insanların ad və soyadlarında da bu söz yaşamaqdadır. Bu qəbildən olan nümunələrin sayını xeyli uzatmaq da olar. Bu baxımdan hesab edirəm ki, “Bakı” sözünün mənşəyini elə “Baki” sözünün təşkil etdiyini düşünmə kdaha məntiqli və daha ağlabatandır. Toponimimn mənşəyini “Baki” sözünün təşkil etdiyini qəbul etsək, əlavə hər hansı fərziyyələrə, bəzən mənasız, anlamsız görünən izahatlara lüzum qalmır, heç bir sözü artırıb, əksiltmək də lazım gəlmir.

Bəlkə türklərin yaşadığı şəhərin adının izahını elə öz dilimizdə axtaraq?

Əjdər Əliyev, BQP Ali Məclisinin sədri