Bakı əhalisinin sayı açıqlandı

baki-ehalisinin-sayi-aciqlandi
Oxunma sayı: 3892

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktabr ayının 1-i vəziyyətinə  2258,4 min nəfərə çatıb. “Qafqazinfo” Bakı şəhər Statistika İdarəsinin saytına istinadən xəbər verir ki, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım  hesabına baş verib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici  əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib.  Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin  52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.