Bakı Funikulyoru yenidən fəaliyyətə başladı

baki-funikulyoru-yeniden-fealiyyete-basladi
Oxunma sayı: 2559

Bir müddət idi ki, profilaktika işləri ilə əlaqədar işləməyən paytaxtımızın rəmzlərindən birinə çevrilmiş Bakı Funikulyoru artıq bu gündən yenidən fəaliyyətinə başlayıb.

Keçən müddət ərzində Funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülmüş, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunmuş, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılmış, funukulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib. 

"Qafqazinfo" xəbər verir ki, Bakı Funikulyorunun rəisi Tofiq İsmayılov bildirib ki, funikulyorda dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub:

"Vaqonlar saniyədə 3,0 metr sürətlə hərəkət edərək 3 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən Funikulyorda vaqonlar arası interval 10 dəqiqə olub. Funikulyor saatda orta hesabla 300 sərnişini daşımaq imkanına malik olub. Bakı Funikulyoru indiyədək 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib".