Bakı Kitab Mərkəzində təqdimat olub - Fotolar

baki-kitab-merkezinde-teqdimat-olub
Oxunma sayı: 4895

Avqustun 31-də Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva belə bir mədəniyyət və ədəbiyyat ocağını xalqımıza nəsib etdiyinə görə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Azərbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gənclərin təhsilə, kitaba marağının artırılması istiqamətində gördüyü işlərdən danışıb və bunun davamlı olacağını söyləyib. 

Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açıq olacağını deyən Anar Ələkbərov fiziki cəhətdən qüsurlu insanların buraya sərbəst daxil olmasının nəzərə alındığını deyib. Diqqətə çatdırıb ki, Kitab Mərkəzində görmə imkanları məhdud şəxslər üçün də guşə fəaliyyət göstərir. Belə ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, görmə qabiliyyəti məhdud şəxslər, uşaqlar üçün guşələr, müxtəlif ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşəsi var.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə marağın artırılmasıdır. Mərkəzdə Azərbaycan və digər xalqların dillərində dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq.

Bakı Kitab Mərkəzinin 3 dildə saytı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sifariş verə biləcəklər. Mərkəzin yeniliklərini “Facebook” və “Instagram” səhifələrindən də izləmək mümkündür:

https://www.facebook.com/BakuBookCenter/

https://www.instagram.com/bakubookcenter/