Bakı Limanında TIR-ların daşınması artıb

Bakı Limanında TIR-ların daşınması artıb
Oxunma sayı: 622

2019-cu ilin 6 ayı üzrə Bakı Limanında bütün göstəricilər üzrə müsbət dinamika müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaydığı məlumata əsasən cari ilin ilk 6 ayı üzrə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yük, vaqon, TIR və konteyner aşırmaları, eyni zamanda sərnişin daşınması üzrə müsbət göstəricilər qeydə alınıb.

Uğurlu yarım ili şərtləndirən amillər sırasında “Bir Kəmər, Bir Yol” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycandan keçən yük həcminin çoxalması, eyni zamanda Orta Asiyadan kimyəvi məhsulların (karbamid, polipropilen, polietilen və sair) ixracının və Qara Dəniz və Avropa ölkələrindən Orta Asiya istiqamətinə daşınan  sənaye və qida məhsullarının artması olmuşdur.

Əsas artım iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) daşınmasında qeydə alınıb. Belə ki, TIR-ların sayı keçən ilin müvafiq dövrünə nisbətən 57,8% artaraq 15 009 ədəd olmuşdur. Bunlardan 11 372 ədədi (75,8%) Bakı-Türkmənbaşı-Bakı,         3 637 ədədi isə (24,2%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Konteynerlərin aşırılmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində 14 886 ədəd konteyner (TEU ekvivalentində) aşırılmışdır ki, bu da 37,7% artım deməkdir.

Bərə terminalında aşırılan vaqonların sayı 15,4% artaraq  25 344 (keçən ilin müvafiq dövründə  21 960 vaqon) ədədə çatmışdır. Bunlardan 11 636 vaqon (45,9%) Bakı-Kurik-Bakı istiqamətində, 13 708 (54,1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Sərnişin daşınmasında hər iki istiqamətdə keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % artım qeydə alınmış və 19 984 nəfər təşkil etmişdir. Ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə (1 960,4 min ton) nisbətdə 1.1% artaraq  1 981,3 min ton olmuşdur. Yükaşırmanın 85,4%-i (1 692,4 min ton) tranzit yükaşırmanın payına düşüb.

           



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi