“Bakı Marafonu-2018”ə qeydiyyat başladı

“Bakı Marafonu-2018”ə qeydiyyat başladı
Oxunma sayı: 1396

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu-2018” keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir ki, təşkil olunur.

“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

On altı yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək yarımarafona qoşula bilər. Yarışda iştirak etmək istəyən şəxslər martın 7-dən mayın 5-dək Bakının ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından tələbələr qeydiyyat zamanı ödəniş etməyəcəklər.

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

“Bakı Marafonu-2018”in mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Xatırladaq ki, Bakıda 2016-cı və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi