“Bakı – Pyatiqorsk” avtobusunda hərəmxana...

baki-pyatiqorsk-avtobusunda-heremxana
Oxunma sayı: 6486

Nadir Qocabəyli

(1-ci hissə)

Vladiqafqaza getmək üçün Avtovağzala zəng vurdum, dedilər ki, xeyli müddətdir o istiqamətə marşrutlar işləmir. Öyrəndim ki, "Binə" Ticarət Mərkəzindən Pyatiqorsk şəhərinə avtobus gedir və yolüstü Beslanda düşüb (vaxtilə Şamil Basayevin məktəbliləri girov götürdüyü şəhər), Vladiqafqaza geçmək olar.

Deyilən vaxtdan yarım saat qabaq gəlib “Mersedes”markalı köhnə avtobusda mənə təxmini göstərilən yerdə əyləşdim. Avtobusun sükanı arxasında əyləşən cavan oğlanla işgüzar mövzuda söhbətləşən, zarafatlaşıb-gülən, yükləri avtobusun yanına qoyulan elektron tərəzidə çəkib “baqaja” yığan orta yaşlı, qarayağız adam “harada otura bilərəm?” sualıma, “5-ci ryaddan sonra istədiyin yerdə əyləş” cavabını verdi.

Avtobus hələ boş idi. Az sonra orta yaşlı, dolubədənli bir azərbaycanlı qadın yeniyetmə oğluyla gəlib 3-cü sırada oturdu. Çox keçmədən salona hər halından Dağıstan, ya da Şimali Qafqaz xalqlarından birinin nümayəndəsi olduğu bilinən sarıbəniz gənc bir xanım daxil olaraq, özündən daha gənc sürücü və onun köməkçisi zənn olunan qara kişi ilə “sındıra-sındıra” danışdığı rus dilində səmimi salamlaşıb, hal-əhval tutdu və ən ön sırada qərarlaşdı. Onların arasında zarafat və gülüşlərlə müşayiət olunan şən bir dialoq da oldu. Sonra iki müasir geyimli orta yaşlı əcnəbi xanım gəlib, təxminən 4-cü sıranı tutudular.

Bir azdan təxminən 50-55 yaşlarında, başında uzun günlüklü papaq, ərəblərə bənzər azərbaycanlıların çoxu kimi, sivri sifətinin dərisi xeyli tünd rəngdə olan, Muğan ləhcəsində danışan, hay-küylü bir kişi gəlib, ən qabaqdakı oturacaqlardan birində əyləşdi, sürücü və onun köməkçiylə ucadan söhbət etməyə başladı. Onun uzun və səs-küylü nitiqini bir cümləylə belə ifadə etmək olardı: “Qoy rədd olsun ə, moşennikin biridir!” Bu kişinin sonradan “hacı” titillu baş sürücü (adını yazmaq istəmirəm) və gənc sürücünün atası olduğunu biləcəyəm.

Arada sarı qızla da mehribancasına hal-əhval tutdu və onun “mən harada oturum?” sualına, səxavətlə “istədiyin yerdə!” cavabını verdi. Sarı qız da təşəkkür edib, minnətdarlıq və mehribanlıq əlaməti olaraq onu çantasından çıxartdığı şirniyyata qonaq etdi.

Sonra ana-bala olduqları zənn edilən, yaşlı qadınla 35-40 yaşlı gənc bir xanım (onlar yarı-rus, yarı-azərbaycanca danışanlar sinfindən idilər), bacı-qardaş təsiri bağışlayan 20-22 yaşlarında iki gənc də gəlib ön sıralarda oturdular. Avtobus yavaş-yavaş dolurdu...

Birdən yuxulu üzü tər-təmiz qırxılmış, dərisi və saçları nisbətən açıq rəngli azərbaycanlılardan olan, ləhcəsindən və yekə-yekə danışmağından mənim gədə-güdə kateqoriyasından hesab etdiyim bəzi həmyerlilərimi xatırladan 40 yaşlarında ortaboylu, nə arıq, nə də kök bir adam peyda olub, salonda o baş-bu başa addımlamağa, ora-bura baxmağa, yuxulu kal səsiylə hansısa qeyri-müəyyən subyektə suallar və göstərişlər verməyə başladı: “Bunu bura kim qoyub? Bu niyə belədir? Bunu burdan götürün! Və s...

Yanımdan üç-dörd dəfə narahat halda o yan-bu yana keçdikdən sonra ünvansız suallardan biri də mənim qulağımın dibində səsləndi: “Bu yeri buna kim verib?” Bu adamcığın avtobus xidmətçisi olduğu güman edilsə də, özünü orduda “ded” hesab edən yekəxana əsgərlər kimi aparırdı.

Məni nəzərdə tutduğunu təxmini anlasam da, cavab vermədim, sual “bu yeri sizə, ya da sənə kim verib?” şəklində qoyulmadığından, bu adamcığa baş qoşmadım. O, tələyə düşmüş siçan kimi, bir neçə dəfə o tərəf-bu tərəfə vurnuxub, yenidən gəlib başımın üsütündə dayandı və sualı təkrarladı: “Bu yeri buna kim verib?”

Dözmədim. “Məni deyirsiz?” – soruşdum. “Bəli!” – O, üzümə baxmağa cürət etmədən cavab verdi. Mən sürücünün yanında dayanıb söhbət edən qara adamı göstərdim və o çıxıb getdi. 35-40 yaşlarında olan gənc xanımın yanındakı yaşlı qadını məndən arxadakı skamyaya, bacı-qardaş cütlüyünün də kişi cinsindən olanını ondan arxadakı oturacağa keçirtdi. Oğlan bir az ruhi xəstəyə oxşayırdı. Sonra mənə yaxınlaşıb, “müəllim, siz də arxaya keçməli olacaqsınız” dedi. “Niyə?”

Onun bu arqumenti məni, təbii ki, qane etmədi. Dedim ki, gözümü açandan yerlərin ya biletlə satıldığını, ya da “kim tez gəldi” prinsipiylə tutulduğunu görmüşəm. İndi də uzaq başı telefon zəngiylə verilə bilər. “Sizdə bu prinsiplərin hansı tətbiq olunur?” Bu sualı verəndə qızından ayrılaraq məndən arxaya keçirilən rusdilli yaşlı ana üzümə baxaraq mənalı tərzdə gülümsədi. Adamcığın cavabı isə mənim üçün xeyli gözlənilməz oldu: “Çünki bizdə kadınlar (o belə dedi) qabaq yerlərdə, kişilər isə arxada əyləşirlər.”

(ardı var)