Bakı-Tbilisi-Qars istifadəyə hazırdır

Bakı-Tbilisi-Qars istifadəyə hazırdır
Oxunma sayı: 1597

Azərbaycan, Gürcüstan və Türkiyənin müvafiq strukturlarının rəhbərləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu bağlantısında aparılan işlərin icra vəziyyətinə baxış keçiriblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzərTac-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov kütləvi informasiya vasitələrinə açıqlamasında deyib: “Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Cənab Prezidentin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars dəmir yolu tam istifadəyə veriləcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi