Bakı zooparkını da köçürürlər

baki-zooparkini-da-kocururler
Oxunma sayı: 644

Əhalini fauna aləmi ilə yaxından tanış edən Bakı zooparkında saxlanılan heyvanların sayı son zamanlar artsa da, ərazisi əvvəlki tək 4.25 ha olaraq qalır. Məhz bu səbəbdən heyvanların yerləşdiyi qəfəslərin sahəsi olduqca kiçikdir. Bakı zooparkında şərait yalnız heyvanlara deyil, həm də parka istirahətə gələnlərə də mənfi təsir göstərir.

Sakin Səadət Yusifova deyir ki, zooparkda heyvanlar çox olsa daha yaxşı olar: “Çünki uşaqların marağı var, gətiririk, baxırlar, xoşlarına gəlir”.

Sakin Lalə Cəfərova isə deyir ki, o başqa zooparklarda da olub: “Mənə elə gəlir ki, heyvanların yeri balacadır. Ona görə də bu üfunət, natəmizlik yaranır. Çünki qəfəslər balacadır. Elə heyvanlar var ki, onlara daha çox ərazi lazımdı, Bu onların özlərini sərbəst hiss eləmələri üçün vacibdir”.

Bakı heyvanat parkının direktoru Azər Hüseynov da etiraf edir ki, ölkədə daha çox zooloji parkların salınmasına ehtiyac var. O hesab edir ki, turizmin inkişafı ilə əlaqədar Azərbaycanda zooloji parklar açılmalıdır: “Biz bunu dəstəkləyirik. Yəni istəyirik ki, mədəniyyət, inkişaf, iqtisadiyyat artsın”.

Qeyd edək ki, bir neçə ay əvvəl ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da Qobu ərazisində 55 hektar ərazini əhatə edəcək zooparkın quruculuq işlərinə 2,8 milyon manat vəsaitin səfr olunacağını bildirmişdi: “70-ə qədər mütəxəssis bu işə cəlb olunub. Neçə faiz ərazi, hansı qitəyə məxsus olacaq məlumdur. Orada qəfəs sistemi olmayacaq. Valyerlər olacaq. Ora gələnlər də heyvanları divarlardan görə biləcək. Divarlar da təbii landşafta uyğun, məsələn qafalar formasında ola bilər”.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən imzaladığı sərəncamla Abşeron rayonunun ərazisində yeni zooloji parkın tikintisi üçün 3 milyon manat vəsait ayrılıb.

ANS