Dünənki sayımızda şəbəkə biznesinə qoşulub milyoner olmaq istəyən, amma xəyalları daşa çırpılan müsahiblərimizin dilindən bu biznesin başında duranların məqsədinin əslində nə olduğunu yazmışdıq. Bu dəfəki yazımızda isə şəbəkə biznesinin liderinin dilindən hansı işlə necə məşğul olduqlarını və s. yazacağıq. Onu da qeyd edək ki, yazını yazmağımızı tezləşdirən amil bəndənizin aldadılaraq bu şirkətə getməsi səbəb oldu. Yaxın tanışım bir məsələ ilə bağlı məsləhətimə ehtiyacının olduğunu dedi və “Neftçilər” metro stansiyası yaxınlığındakı ofislərində görüşməyimizi xahiş etdi. Mən də adamın köməyimə ehtiyacı olduğunu düşünüb saf düşüncələrlə dediyi ünvana getdim. Gedərkən məlum oldu ki, məni “QNet” firmasında (“QuestNet”in adının dəyişilmiş forması – L.M.) şəbəkə biznesinə qoşmaq istəyir. Nə vaxtdandır ətrafımda olan insanların aldadıldığını gördüyümdən şəbəkə biznesi barədə beynimdə olan mövzunu gerçəkləşdirmək üçün əlimə düşən fürsətdən istifadə etdim.
Qeyd: Yazıda dəfələrlə adını çəkdiyimiz şəbəkə biznesi klassik şəbəkə biznesi barədə deyil. Daha aydın olmaq üçün deyək ki, yazıda “Oriflame”, “Amway” və digər klassik şəbəkə biznesindən söhbət getmir. Çünki klassik şəbəkə biznesində hər qiymətə, hətta 1 manata belə müxtəlif çeşiddə və ehtiyacın olan malları almaq imkanın olur, üstəlik şəbəkəyə qoşulmaq üçün cəmi 5-10 manat ödəyirsən. Bu növ biznes quranlar milyoner olmasalar da, üzərlərinə adam yazdırmasalar belə kifayət qədər uğur və gəlir əldə edə bilirlər. Amma bizim haqqında danışdığımız şəbəkə biznesi İnternet üzərindən aparılır və bura qoşulmaq üçün ən azı 500 manat ödəyib məhsul almalısan.
Milyoner olmağın yolunun keçdiyi yer
Onu da deyək ki, “QNet” firmasının Bakıda bir neçə yerdə ofisi var. Mərkəzi ofisi “Neftçilər” metro stansiyası yaxınlığında, Qara Qarayev küçəsində, “Lotos”un yanında yerləşir. Burada 6 mərtəbəli, 2 bloklu binanın demək olar ki, 90 faizini “QNet” icarəyə götürüb. Blokla yuxarı qalxarkən hər mərtəbədə və ofislərin içərisində 40-50 adam gözə dəyirdi. 18 yaşdan 60 yaşacan kişi və qadınların hərəsinin əlində qara bloknot və qələm ikibir, üçbir söhbət edir, ya da otaqlarda bir yerə toplaşıb söhbətləşirdilər. Bəzi qara dəftərlilər isə mobil telefon qulağında bir küncə çəkilib xısın-xısın danışırdılar. Çox güman ki, kimlərisə milyonçu olacaqları vədi ilə ofisə dəvət edirdilər.
Beləliklə, tanışımla birlikdə 5-ci mərtəbədəki ofisə daxil oldum. Burada məni tanımayan “işçi”lərin göstərdiyi xüsusi diqqət və sevgidən o qədər təsirləndim ki, az qala kövrələcəkdim. Məni 3 stul və 1 stolun olduğu otağa dəvət etdilər. Mənə “dərs keçəcək” xanım “mühazirə”yə başladı və milyonçu olmağın sirlərindən və buna çox asanlıqla nail ola biləcəyimdən danışdı. Məlum oldu ki, şəbəkəyə bir ballıq sistemlə qoşulmaq üçün 900-1200 manatlıq məhsul almalıyam. Daha tez milyonçu olmaq üçünsə 2,3, yaxud 4 ballı sistemlə şəbəkəyə qoşulub daha bahalı mallar almağım lazımdır. Mənə kompyuter arxasında malları göstərən xanımın dediyinə görə, buradakı məhsullar barmaqla sayılacaq sayda Almaniyada istehsal edilir və bazardakı qiymətindən ucuz satılırmış (qəzetimizin əvvəlki sayında QNetin satdığı məhsulların əslində bazar qiymətindən baha olduğu barədə yazmışıq – L.M). Özü də mal alandan sonra şirkətlə müqavilə bağlayırsan və ailə üzvlərindən birini özünə varis təyin edirsən ki, ölüm-itim dünyasında sən öləndən sonra varisin sənin qazandığın pulu almağa davam etsin.
İnternetdə “QNet” barədə yazılanlar
“Milyoner” olmağın yollarını öyrənəndən sonra mənim milyoner olmağımı istəyən tanışıma jurnalist kimi yazı hazırlayacağımı dedim. O da bu barədə kiməsə məlumat verəndən sonra məndən xahiş etdi ki, yazı hazırlayanda onların da mövqeyini öyrənim: “İstəsən, suallarını cavablandırmaq üçün məsul şəxslərdən biri ilə səni görüşdürərəm”.
Tanışıma “ağız açmamaq” üçün “QNet”i İnternetdə axtarışa verdik ki, əlaqə nömrələri çıxsa apardığımız araşdırma ilə bağlı onların da fikrini öyrənək. Amma verdiyimiz axtarış nəticəsiz qaldı. Daha doğrusu, “QNet”in əlaqə telefonu əvəzinə qarşımıza bu şirkətin Türkiyə, İran, Rusiya və digər ölkələrdə sadə vətəndaşları aldatması ilə bağlı xeyli informasiya çıxdı. Azərbaycan forumlarında isə insanlar şirkətin əlindən “dad döyürlər”. “Google”un sayəsində onu da öyrəndik ki, şirkətin dolandırıcılıq fəaliyyətini ən geniş həyata keçirdiyi ölkə İrandır. İranda 600 min insan dolandırılıb və bundan sonra yerli hökumət şirkətin fəaliyyətinə qadağa qoyub. Əvvəlki sayımızda qeyd etdiyimiz kimi, Türkiyədə də “səadət zənciri” tələsinə düşən minlərlə insan pullarını geri ala bilməyiblər.
Vergini kim ödəməlidir?
Beləliklə, İnternetdən əlaqə nömrəsi tapa bilmədiyimizdən məni “QNet”ə aparan tanışımla danışdım. O da kiminləsə əlaqə saxlayıb şirkətdəki lider Yeganə xanımla görüşümüzün vaxtını təyin etdi. Növbəti dəfə “QNet”ə jurnalist kimi getdik. Yeganə xanımın vaxtı olmadığından suallarımızı digər lider – Anar Zeynalov “Qnet” üzvlərinin doğma məkanı olan şirkətin çayxanasında cavablandırdı.
A.Zeynalov “QNet”in dünya şəbəkə marketinqinin şahı sayıldığını qeyd etdi. Söhbətimizin ardını olduğu kimi veririk.
- Yəqin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmisiniz?
- Sözsüz. Əgər bu boyda binada fəaliyyət göstəririksə, mümkün deyil ki, qanunsuz olsun.
- Başqa yerdə işləməyənlər, yalnız burada çalışanlar səhər evdən çıxanda işə getdiyini deyir. Onlarla əmək müqaviləsi bağlanılırmı?
- Əmək müqaviləsi kiminlə və niyə bağlanır? Dükan sahibinin özünün əmək müqaviləsi olmadığı kimi, bura qoşulan hər bir kəs azad sahibkar olduğundan, onların da əmək müqaviləsi olmur.
- İşçilər səhər gedir, axşam evlərinə qayıdırlar. Belə çıxır ki, işçilərin əməyi boşuna gedir. Onlar təqaüdə çıxanda təqaüd almayacaqlar.
- Burada vaxt yoxdur. Kimsə istənilən zaman gedib, istənilən zaman qayıdıb işləyə bilər. İşləmək deyəndə ki, sadəcə biznes təlimatları alırlar.
- Vergi ödəyirsiniz?
- Təbii ki, ödəyirik.
- O zaman vergini necə və nəyə əsasən ödəyirsiniz? Məsələn, “Qnet”də çalışan hər hansı işçi məhsul götürüb pul qazanır, vergini o, yoxsa şirkət ödəyir?
- Təsəvvür edin ki, məhsulu istehsal edən zavod Almaniyada, baş ofis Malaziyadadır, satış isə Azərbaycanda aparılır. Burada da mən satıcı deyiləm, sadəcə olaraq məhsulu alıb başqasına təklif edirəm. Yaxşı, vergini kim ödəməlidir, vergi ödəmək hansı ölkəyə düşməlidir?
- Hər halda bu boyda binanı icarəyə götürmüsünüzsə, deməli, burada kimsə qazanır. Buradan da belə çıxır ki, qazancdan gəlir vergisi ödənməlidir. Belə başa düşdüm ki, siz vergi ödəmirsiniz ki, verginin hansı ölkədə ödənilməli olduğunu soruşursunuz.
- Yəqin ki, ödənilir.
- Burada tanışı olmayan adam şəbəkə biznesinə qoşulub işləyə bilməzmi?
- Şəbəkə marketinqində qayda belədir ki, tanıdığın insanla işləyirsən. Bu, daha rahatdır.
- Malı sifariş verəndən 4-90 gün sonra gətirib sahibinə verirlər. Bu müddət niyə bu qədər uzundur?
- Çünki sifariş verdiyimiz məhsullar çox kiçik məhsullardır. Buna görə də sifarişlərin çoxalmasını gözləyirik və sonra sifarişimizi edirik.
- Malı bəyənməyəndə geri qaytarmaq imkanı varmı?
- Bəli, 7 gün ərzində qaytarmaq mümkündür.
- Əvvəldən bu ofisdə fəaliyyət göstərirsiniz?
- Onu deyə bilmərəm, mən əvvəldən burada olmamışam. Ancaq qeyd edim ki, “Qnet” “QuestNet”in davamçısıdır, eyni firmadırlar, sadəcə olaraq ad və bəzi şərtlər dəyişib.
- Ay ərzində bir adamın qazancı nə qədər olur? Məsələn, məni buraya gətirən xanım dedi ki, üç ay ərzində 500-600 manat qazanıb.
- Qazanc fərqli olur.
- İşçiləriniz nə qədərdir?
- Burada kimsə kiminsə işçisi deyil. Hər bir kəs istənilən məhsulu alarkən azad sahibkar olur, öz biznesinin qurucusu sayılır. Kimsə tam deyə bilməz ki, “Qnet”də nə qədər adam var. Amma istəsəniz, dəqiqləşdirib deyərəm.
Anar Zeynalov “sahibkar”ların sayını öyrənmək üçün bizdən aralanıb kiminləsə telefonla danışdı və qayıdandan sonra heç bir səbəb göstərmədən indiyədək danışdıqlarını diktafondan silməyimizi xahiş etdi. Uzun israrlara baxmayaraq, diktafondan səsi silmədik, amma suallarımızın qalanını da A.Zeynalova ünvanlamaq imkanımızı itirdik.
Lalları da şirkətə cəlb ediblər
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, dünyanın hər yerində şəbəkə biznesinin problemləri var: “Əsas problem budur ki, piramida üsulu ilə inkişaf edən bu biznesi yaradanlar dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda işədüzəltmə kampaniyaları kimi camaatı aldadır, xüsusi treninq keçmiş insanlar camaatın beynini yuyub bu biznesə qoşurlar. Çox az qisim adam burada uğur qazanır. Təsadüfi deyil ki, şəbəkə biznesi ilə məşğul olan “QuestNet” firmasının fəaliyyətinə bir neçə il öncə dövlət orqanları müdaxilə etdilər”.
E.Hüseynovun sözlərinə görə, bu firmada işləyən bəzi adamlar yenə çoxlu qazanc əldə edəcəkləri adı altında şansı olmayan insanları buraya cəlb etməklə onların aldadırlar. E.Hüseynovun fikrincə, “QNet” sələfi “QuestNet”dən fərqli olaraq, daha sağlam fəaliyyət göstərir: “Amma ümumilikdə götürdükdə, şəbəkə biznesi mənim arzu etmədiyim və istehlakçılara məsləhət görmədiyim bir şeydir”.
AİB sədri “QNet”lə bağlı maraqlı bir faktı da açıqladı. Bildirdi ki, ötən ilin yay aylarında “QNet”ə pul qazanıb milyonçu olacaqları adı altında lal insanları da cəlb ediblər: “İnformasiya almaq və vermək məhdudiyyəti olan bir qrup lal insanı şəbəkə biznesinə qoşmuşdular. Piramida sistemi olduğundan bir lal da digərlərini gətirmişdi. Biz AİB olaraq işə girişdik, Malayziyadan adam çağırtdırdıq, hamısının pulları 100 faiz qaytarıldı. Xaçmazda, Bakıda adamları bilərəkdən aldadıb, ora qoşublar və problemlər yaşanıb. Bu barədə dövlət orqanlarına da məlumat vermişik”.
“Şirkətin arxasında filankəslər durur”
Onu da qeyd edək ki, şirkət üzvləri dövlətin yüksək çinli məmurlarının da bu işə “dobro” verdiyini və onların arxasında dayandığını deyərək insanları aldadıb yoldan çıxarırlar. Həmsöhbətimiz Mərcan xanım da evlərində işləyən ustanın təkidi ilə sözügedən şirkətə gedib: “Usta mənə iki saatdan da az bir vaxtda milyoner ola biləcəyimi və bunun üçün mütləq ofisə getməli olduğumu dedi. Ustanın təbliğatından sonra getdim. Mənə bir qız işin incəliklərini danışandan sonra inanmadığımı görüb dedilər ki, şirkət elə-belə şirkət deyil, arxasında filankəslər durur, açılışına filankəsələr gəlib və s.”.
“Qazanmaq üçün üzlü olmalısan”
“QuestNet”in toruna düşənlərdən biri də Şahindir. Şahinin sözlərinə görə, şəbəkə biznesinə qoşulanlar öz aralarında deyirlər ki, boş-boşuna çay içib pul qazanırsan. Pulunun batmasına baxmayaraq, müsahibimiz etiraf edir ki, burada işləyə bilənlər qazanırlar: “Məsələn, mən işləyə bilmədim, 500 manatlıq mal aldım, onun yalnız 250 manatını çıxara bildim. Amma şəbəkəyə məndən çox-çox əvvəllər qoşulan xalam oğlu yaxşı qazanırdı. Bu işdə qazanmaq üçün el dilində desək, üzlü olmalısan ki, adam cəlb edə biləsən”.
Şahinin sözlərinə görə, əslində oturub hesablama aparanda, xalası oğlu da çox cüzi miqdarda pul qazanıb: “Burada işləyənlərin 90 faizi əslində özləri də bilmədən heç nə qazanmırlar. Çünki hər ofisə dəvət etdiyin adama daha yaxın olduğunu göstərmək üçün çayxanaya aparıb çaya qonaq edirsən, gündə 10-15 nəfərlə mobil telefonla “çənə döyüb” ofisə gətirməyə çalışırsan. Bəzən hətta aya 100-150 manat “kontur” və çayxanaya çıxır”.
Şahinin sözlərinə görə, qazananlar da himayə olunanlardır: “Çox vaxt deyirlər ki, “gəl yazıl, sonrası ilə işin olmasın, heç ofisə də gəlmə. Amma bu, yalandır. Əgər ofisə gündəlik getmirsənsə, sənin himayədarların elə edəcəklər ki, bir qolun işləyəcək, digər qolların isə dayanacaq. Nəticədə piramida sisteminə, daha doğrusu, “oyun şərtləri”nə əsasən, heç nə qazanmayacaqsan”.
Yazının sonunda onu da qeyd edək ki, sözügedən şirkətdə özlərinin dili ilə desək, “sahibkar”ların əksəriyyəti ən yaxşı halda aya 200-350 manat qazana bilirlər. Qazanılan pulun da 100-150 manatı “kontur”a xərclənir. Yerdə də bir şey qalırsa, o da “iş”ə gedib gəlmək üçün gündəlik yolpuluna çıxır.
Kaspi.az