Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılışı oldu - Fotolar

bakida-akrobatika-uzre-dunya-kuboku-yarislarinin-acilisi-oldu
Oxunma sayı: 1294

Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək dünyanın ən güclü gimnastlarının  Bakıda mübarizəyə qoşulmalarından məmnunluğunu bildirib. 

“Hazırda müasir, dünyəvi, sabit və demokratik ölkə olan Azərbaycanda insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb. Təbii ki, bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticədir. Ulu Öndərin siyasətini davam etdirən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə respublikamızın regionlarında 50-yə yaxın Olimpiya İdman kompleksinin, möhtəşəm idman qurğularının istifadəyə verilməsi, idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ SSRİ dövründə Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün çempionlarımızın sayı hədsiz dərəcədə yüksəlib”, - deyə İ.İsmayılov bildirib.

Açılış mərasiminə gimnastika üzrə milli komandalarımızın üzvlərinin iştirakı ilə “Ölkəmizin rəqsləri” adlı bədii hissə ilə yekun vurulub.

Qeyd edək ki, iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar kişi və qadın cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qruplarının tərkibində mübarizə aparacaqlar.

Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak edirlər.

Azərbaycanı kubok yarışlarında sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı, Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov ən yaxşı yerlər uğrunda mübarizə aparırlar.

Turnirdə ən yüksək xal toplamış cütlüklərə və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.