Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək

bakida-azerbaycan-efqanistan-birge-isci-qrupunun-ilk-iclasi-kecirilecek
Oxunma sayı: 880

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Əfqanıstan arasında ticarət dövriyyəsi 50 faizədək artıb.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Martda VII Qlobal Bakı Forumu çərçivəsində A.Əhmədi ilə keçirilmiş görüşü xatırladan Ş.Mustafayev Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu yaradılıb. İşçi Qrupun ilk iclasının bu ilin iyulunda Bakıda keçirilməsi nəzərdə tutulur.

Ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən A.Əhmədi Əfqanıstanın sənaye, ticarət, investisiya imkanları haqqında məlumat verib, iş adamları arasında görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, həmçinin Azərbaycan-Əfqanıstan birgə İşçi Qrupunun ilk iclasına, Bakıda əfqan məhsulları sərgisinin, iş adamları arasında görüşlərin təşkilinə, Əfqanıstanda keçirilən tenderlərdə Azərbaycan şirkətlərinin iştirakına dair müzakirələr aparılıb.