Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib

bakida-azerbaycan-fransa-biznes-forumu-kecirilib
Oxunma sayı: 1226

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in təşkilatçılığı ilə Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan və Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etməsinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

İnvestisiyalar sahəsində də uğurlu əməkdaşlığı qeyd edən Ş.Mustafayev Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırıldığını bildirib. O, Fransa ilə iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığı diqqətə çatdırıb və bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib, Azərbaycandakı biznes mühitinin əlverişliliyini vurğulayıb, “Doing Business 2019” hesabatındakı mövqeyindən məmnunluğunu ifadə edib. 

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatla çıxış edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.