Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

bakida-azerbaycan-rusiya-isguzar-gorusu-kecirilib
Oxunma sayı: 764

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, maliyyə, konsaltinq, tikinti, logistika və xidmət sahəsində fəaliyyət göstərən 80-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-ə yaxın biznes forum və işgüzar görüşlərin keçirildiyini vurğulayan nazir müavini hazırkı işgüzar görüşün iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.  

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və  Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib. 

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. 

İşgüzar görüş iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.