Bakıda bağçada “Kasıblar qrupu” yaradılıb - Etiraz

Bakıda bağçada “Kasıblar qrupu” yaradılıb
Oxunma sayı: 3648

Bir qrup valideyn Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasından şikayətçidir. 

“Qafqazinfo” xəbər verir ki, Movqe.az saytına müraciət edən iyirmiyədək valideyn bağçada qanunsuz olaraq pul yığıldığını, müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrıseçkiliyin qoyulduğunu söyləyiblər.  Valideynlər uşaq bağçası ilə bağlı redaksiyaya təqdim etdikləri şikayət məktubunda bildiriblər ki, Məsmə Quliyeva bağçaya müdir təyin olunandan sonra problemlər başlayıb: “Hər uşaq üçün aylıq 50-60 manat qeyri-qanuni pul istənilir” deyən valideynlər dövlət bağçasında bu məbləğin tələb olunmasına etiraz ediblər: “Pul verməyən valideynlərin övladlarına qarşı ayrıseçkilk başlayıb. 50-60 manatdan aşağı pul verən valideynlərin övladlarını ingilis dili və rəqs dərslərinə buraxılmır. Direktor daha sonra bağçada rus bölməsi qrupu yaratdı. Uşağını həmin qrupa qoymaq istəyən valideynlərin 80 manat ödəməli olduğunu söylədi. Biz niyə valideynlərdən bu qədər pul tələb olunduğunu soruşduqda, Məsmə xanım belə əsaslandırdı ki, hökumətin bağçaya ayırdığı ərazaqlar çatmır, öz cibindən ərzaq almaq məcburiyyətində qalır. 

30. 10. 2017-ci il tarixində isə pul verən uşaqlar üçün bir, həmin məbləği ödəməyən uşaqlar üçün isə ayrı qrup yaratdı. Əslində bağçada qruplar uşaqların yaşlarına uyğun olaraq ayrılır. M. Quliyevanın yaratdığı qruplarda isə hər yaşdan uşaqlar var. Onlar müxtəlif yaşda olsalar da, bir qrupda tərbiyə alırlar. Onun bağçada aylıq qoyduğu məbləği ödəyən valideynlərin uşaqları üçün ayrıca VİP qrup yaratması körpə psixologiyasına travma yetirməklə yanaşı, yeni formalaşmaqda olan şəxsiyyətlərin də yetişməsinə mane olur”. 

Valideynlərdən biri, Adilə Əlihüseynli deyir ki, Məsmə Quliyevanın vəzifəsindən sui-istifadə etdiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova da şikayət ediblər: “Biz Eldar Yunusovun qəbulunda olaraq 60 saylı uşaq bağçasında baş verənləri ona ətraflı danışdıq. Eldar müəllim özü də 20-dək valideynin M. Quliyevaya qarşı heç bir qərəzi olmadığını, tələblərin ancaq qanunsuzluğun aradan qaldırılması ilə bağlı olduğunu anladı. Bizə bildirdi ki, uşaq bağçaları dövlətdən maliyyələşdiyi üçün heç bir dövlətin balansında olan uşaq bağçasında valideynlərdən ərzaq, yaxud da başqa adla pul tələb edilə bilməz. Eldar müəllim bu qanunsuzluğun araşdırılacağını söylədi. Hələki bağçada vəziyyət eynidir. M. Quliyevanın bağçada VİP qrup yaratması bizə çox pis təsir edir. Bağçada indi "Kasıblar qrupu" və VİP qrup var. Rüşvət vermədiyimiz üçün bizi uşaqlarımızla belə cəzalandırmaq heç bir qanuna sığmır”.

Sayt valideynlərin ittihamlarını araşdırmaq üçün 60 saylı uşaq bağçasının müdiri Məsmə Quliyeva ilə əlaqə saxlayıb. M. Quliyeva ona qarşı səslənən ittihamlarla bağlı heç bir açıqlama verməyəcəyini söyləyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən isə bildiriblər ki, 60 saylı bağçadan valideynlərin şikayətini müvafiq komissiya araşdıracaq. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi