Bakıda baş verən qətlin gizlinləri üzə çıxır

bakida-bas-veren-qetlin-gizlinleri-uze-cixir
Oxunma sayı: 3797


"Oxu.az"ın məlumatına görə, bu varədə Vesti.Az-a Nəsimi rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

Xatırladaq ki, iyulun 17-də saat təxminən 13:20 radələrində Bakıxanov küçəsində 6 saylı marşurtla hərəkət edən “Daewoo” markalı avtomobildə lüləsi kəsilmiş ov tüfəngindən açılmış atəş nəticəsində 1975-ci il təvəllüdlü Bakı sakini Vəfadar Məmmədov qətlə yetirilib.

Faktla bağlı 28 yaşlı Anar Xəlilov saxlanılıb. Xəlilovun “Toyota Corolla” markalı 90-HS-359 dövlət nömrə nişanlı avtomobilinə baxış zamanı əməliyyatçılar baqaj bölməsində “Vinçester” tipli 1 tüfəng, lüləsi kəsilmiş, 12 mm çaplı ov tüfəngi, 20 mm çaplı 20 ədəd patron və 12 mm çaplı 2 ədəd patron aşkarlayıblar. Daha bir lüləsi kəsilmiş ov tüfəngi avtobusdan, cinayət yerindən götürülüb.

Xəlilova qarşı AR CM-in 228.1, 229.1, 120.2.4. maddələri üzrə cinayət işi qaldırılıb.

İlkin təhqiqat zamanı məlum olub ki, avtobusa əyləşməzdən əvvəl Xəlilov öz avtomobilini ANS telekanalının yaxınlığında saxlayıb. O, özü ilə sellofan paketdə olan lüləsi kəsilmiş ov tüfəngini götürüb və ictimai nəqliyyata əyləşib. Rusiya səfirliyinin yaxınlığında avtobus silkələnib və bu məqamda ayaq üstə güclə dayanan Xəlilov qeyri-iradi olaraq tətiyə basıb və atəş açılıb.

İstintaq iddia edir ki, Xəlilov Məmmədovu təsadüfən öldürüb. Yoxlama göstərib ki, bu insanları heç nə əlaqələndirmir. Onlar bir-birini ümumiyyətlə tanımırlar. Məmmədov adi fəhlə olub və sakit həyat sürüb.

Bununla yanaşı, bu gün təhqiqatın digər təfərrüatları məlum olub.

Belə ki, Nəsimi RPİ-dən alınan məlumata görə, 2012-ci ilin dekabrından Xəlilov 1 saylı psixonevroloji dispanserdə uçota götürülüb. Bu ilin iyununda sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq Mərkəzi Bankda aparıcı mütəxəssis işləyən Xəlilovu işdən uzaqlaşdırıblar. Bu, həbs olunan şəxsin valideynləri tərəfindən qəbul olunmuş qərar olub. Belə ki, aparılan müayinə Xəlilovda şizofreniya əlamətlərinin olduğunu üzə çıxarıb və valideynləri oğullarını müalicə etdirmək istəyiblər.

İstintaq zamanı həbs olunmuş şəxs bildirib ki, o, heç kimi öldürmək istəmirmiş, yalnız 6 saylı avtobusun sürücüsündən pulları almaq istəyirmiş.

“Bunun üçün Xəlilov avtobusun sonuncu dayanacağına qədər getmək və bütün sərnişinlərin düşməsini gözləmək istəyirmiş. Sonra o, silahı sürücünün boğazına dirəmək və beləliklə, onda olan pulları almaq istəyirmiş. “Bu sənə nə üçün lazım idi, axı sənin pula ehtiyacın yoxdur” sualına cavab olaraq, Xəlilov bildirib ki, o, bunu nə üçün etmək istədiyini heç özü də bilmir. Maraqlıdır ki, axtarış zamanı Xəlilovun cibindən 150 manat pul aşkarlanıb, bu isə, yəqin ki, avtobus sürücüsünün gündəlik qazancından çoxdur. Əlbəttə, Xəlilov bizi təəccübləndirdi” – deyə, polisdən bildiriblər.

Polisdən həmçinin qeyd ediblər ki, Xəlilovun anası Bakının institutlarından birində kafedra müdiri işləyir. Saxlanılan şəxsin özü də universiteti əla qiymətlərlə bitirib, qısa müddət ərzində özünü işdə bacarıqlı əməkdaş kimi göstərib.

Hazırda faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən təhqiqat aparılır.