Bakıda beynəlxalq festival keçirildi

bakida-beynelxalq-festival-kecirildi
Oxunma sayı: 641

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalın bədii rəhbəri Olqa Rostropoviçdir.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç çıxış ediblər.

Əbülfəs Qarayev deyib ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. Nazir bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər.

Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç deyib ki, Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atasının arzusu olub və o, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoyub.

Mstislav Rostropoviç festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilir və ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həmişə minnətdar olacağam. Çünki atamın xatirəsinə həsr olunmuş ilk festival məhz Bakıda keçirilib”, - Olqa Rostropoviç deyib.

Festivalın açılış mərasimində Flamand Operasının Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən parçalar səsləndirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Dmitri Yurovski, solisti isə Georq Niql (Avstriy) olublar.

Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı musiqi kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin konserti ilə yekunlaşacaq.