Bakıda birotaqlı evlər bahalaşdı

bakida-birotaqli-evler-bahalasdi
Oxunma sayı: 2768


“Qafqazinfo” xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında “Əmlаk Bаzаrı İştirаkçılаrı” İctimаi Birliyinin rəhbəri Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, 35-40 min manata yalnız paytaxtın ucqar bölgəsində ev tapmaq mümkündür: “Metronun “Sahil” və “İçərişəhər” stansiyaları yaxınlığında birotaqlı mənzillərin qiyməti 100-120 min manat arasında dəyişir. “Gənclik” stansiyasının ətrafında birotaqlı mənzilləri 78-80 min manata təklif edirlər”.

“Nərimanov” metrosunun yaxınlığında 65-70 min manata birotaqlı mənzil almaq mümkündür. Ümumilikdə isə bu ilin ötən dövründə mənzillərin qiyməti 11,7 faiz artıb. Bu artım özünü birotaqlı evlətin qiymətində daha çox göstərir.

Ekspert deyir ki, Bakıda birotaqlı mənzillərə tələbat həmişə böyük olub. Amma son vaxtlar şəhərin müxtəlif ərazilərində aparılan söküntüdən sonra birotaqlıların qiyməti çox yüksəlib, çünki belə mənzillərə tələbat artıb. Bu da onunla bağlıdır ki, bu vaxta qədər həyət evlərində bir yerdə yaşayan və evləri plana düşən ailələr köçəndə ayrı-ayrı mənzillər almağa məcburdur.

R.Osmanlı təkrar mənzil bazarına tələbatın azalması ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Təkrar mənzil bazarına tələbatın azalması ilə bağlı səsləndirilən proqnozlar doğru deyil. Hətta əksinə, bu gün mənzil bazarında təkrar mənzillərə tələbat çoxdur. Bu gün bazarda satılan mənzillərin 70 faizi ipoteka kreditləri hesabına alınır. İlkin bazarda sənədlədirmə, kommunal xidmət və digər problemlər ilkin mənzil bazarına etibarı azaldıb. Buna görə də yaxın illər ərzində təkrar bazara tələbat azalmayacaq”.

Təşkilat rəhbəri elit mənzillərin qiymətində bahalaşma olduğunu dedi: “Elit mənzillərdə kvadrata və layihələndirməyə görə qiymətlər dəyişir. Amma ümumilikdə elit mənzillərin qiymətində artım qeydə alınıb”.