Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

bakida-bmt-nin-dovlet-xidmetleri-forumu-kecirilecek
Oxunma sayı: 651

24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Bu Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forumda BMT Baş katibinin müavini cənab Lui Zenmin, o cümlədən müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri iştirak edəcəklər.

Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri mükafatına layiq görülməsidir.