“Bakıda buna görə cinayət məsuliyyəti mövcud idi”

bakida-buna-gore-cinayet-mesuliyyeti-movcud-idi
Oxunma sayı: 3573

Azərbaycanlı milyarder, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov “Forbes” jurnalına sahibi olduğu numizmatika kolleksiyası barədə danışıb.

“Qafqazinfo”nun məlumatına görə, kolleksiyasında 2 minə yaxın pul və sikkə olan “Lukoyl” prezidenti bu işlə 50 ildən artıqdır məşğul olduğunu bildirib:

“İlk pulu mənə qonşumuz verib. Bu, onun 1917-ci ildən bəri saxladığı köhnə rus kağız pullar idi. Daha sonra (11 yaşım var idi) pul islahatı baş verdi. Köhnə sikkələr yeniləri ilə əvəzləndi. Həm köhnə, həm də yeni pulların dövriyyədə olduğu çox maraqlı bir dövr idi. Mən yəqin ki, o zaman bütün fikrimi buna yönəltdim.

Bakıda qızıl sikkələr az idi, buna baxmayaraq onların dövriyyəsi üçün cinayət məsuliyyəti mövcud idi. Mən Qərbi Sibirə gələndən sonra ilk dəfə qızıl sikkə aldım. O zaman Moskvada işgüzar səfərdə idim və Taqanka küçəsində numizmatikaya dair hər şeyin satıldığı yerdən 110 rubla II Nikolayın rəsminin təsvir olunduğu beş rubl aldım”.

İş adamı 2015-ci ildə Moskvada Arbatda yerləşən şəxsi mülkündə uzun illər ərzində şəxsən topladığı sikkə kolleksiyalarından ibarət açdığı numizmatika muzeyindən də danışıb:

“Sikkələr yaxşı bir investisiya məhsuludur, amma mən heç vaxt onlara investisiya kimi yanaşmamışam. Düşünmürəm ki, kolleksioner investor hesab olunur. Adətən kolleksiyalar kolleksionerin ailə üzvləri, nəsilləri tərəfindən satışa çıxarılır. 

Başa düşürəm ki, varislərim mənim bu hobbimə həvəs göstərməyə bilərlər. Elə indi də göstərmirlər. Buna görə də mən qərara gəldim ki, muzey yaradım. Kolleksiya satış hüququ olmadan fondda olacaq, hər şey sənədləşdirilib”.

Qeyd edək ki, V. Ələkbərova məxsus numizmatika muzeyində Qədim Roma, Qədim Yunanıstan, Bizans imperiyası, Orta əsr Avropası, Rusiya imperiyası, və SSRİ-yə aid təxminən 2 min sikkə yer alıb. Kolleksiyadakı ən qədim sikkə e.ə 480-450-ci illərdə yunan şəhəri Fokeyada buraxılan qızıl hektadır. Həmin hektanı Ələkbərov 2012-ci ildə İsveçrədəki hərracda 13,5 min dollara alıb.

Ən yeni sikkə isə 1931-ci ildə SSRİ-də buraxılan 20 qəpiklikdir. Ona görə azərbaycanlı milyarder 7 min dollar ödəməli olub.