Bakıda bütün məktəblərdə mobil telefon qadağan ediləcək

bakida-butun-mekteblerde-mobil-telefon-qadagan-edilecek
Oxunma sayı: 653

Bakı Şəhər Baş Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 30-nun şagirdlərinə məktəbə mobil telefon gətirmək qadağan olunub. Bu məktəblər sırasında Suraxı rayonunda 114 saylı, Sabunçu rayounda 67 saylı, 126 saylı və digər təhsil ocaqları var.

Bu təşəbbüslə ilk dəfə Sabunçu rayonunun 67 saylı orta məktəbi nümayəndələri çıxış edib. Mobil telefonların uşaqların dərs prosesinə mane olması və ən əsası onlar arasında böyük sosial uçurum yaratdığı əsas kimi göstərilib.

Artıq Təsil Nazirliyi də məsələ ilə bağlı bütün məktəblərə bir neçə dəfə xəbərdarlıq edib. Bakı şəhər Baş Təhsil İdarəsi bu işdə olduqca israrlı olacaqlarını bildirir.

Övladından narahat olan valideynə isə onunla əlaqə saxlamağa məktəb şərait yaradılır. Lazım olan anda şagirdlər valideynləri ilə məktəb telefonu ilə əlaqə saxlaya bilirlər.

Statistikaya görə, əgər hər ailədə 4 nəfər varsa, ailədə mobil telefonların sayı 4 yox, 6-dır. Fikir versəniz, məktəbə gələn şagirdlər, hətta 3-4-cü sinif şagirdləri məktəbə mobil telefonla gəlirdilər. Məsələn, bir sinifdə 25-30 şagird olursa, hər bir uşaqda da ən azı 1 mobil telefon olur. Dərs vaxtı 30 şagirdə zəng gəlməsi, ya da SMS qəbul etməsi təbii ki, tədris prosesinə mənfi təsir edir. Mobil telefon uşaqların diqqətini dərsdən yayındırmaqla yanaşı, onların səhhətlərinə də pis təsir edir.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, qurumun apardığı araşdırmalar zamanı məlum olub ki, şagirdlər dərs vaxtı mobil telefon vasitəsilə bir-birilərinə videolar, şəkillər, SMS ötürürlər. Mobil telefonun onlara yararlı olan funksiyalarından daha çox onlara zərərli olanlardan istifadə edirlər.

Dünya Səhiyyə Təşkilatı müəyyən edib ki, mütəmadi olaraq mobil telefonlardan istifadə beyində şişlərin əmələ gəlməsinə səbəb olur.

İsveç alimlərinin araşdırmalarının nəticələrinə görə, bir saat mobil telefonla danışmaq bədxassəli şişlərin əmələ gəlməsi və inkişafını 2 dəfə artırır. Bu, telefonla daha çox hansı tərəflə danışılırsa, beynin həmin hissəsində baş verir.

Eyni zamanda kommunikasiya vasitələrindən həddindən artıq istifadə ağız suyu vəzilərində xərçəngin əmələ gəlməsinə təkan verir. Telefonlar müntəzəm olaraq hər gün danışmaq isə bu riski 1,5 dəfə çoxaldır.

Həmçinin indi böyük əksəriyyət yaddaşsızlıqdan əziyyət çəkir. Ən maraqlı faktı isə norveçli alimlər tapıblar. Onların araşdırması zamanı bəlli olub ki, gündə hətta 2 dəqiqədən az mobil telefonla danışanlarda belə baş ağrıları, yaddaş zəifliyi, həddən ziyadə yorğunluq və baş gicəllənmələri yaranır. Mobil telefon onların eşitmə orqanları, görmə qabiliyyətinə də təsirsiz ötüşmür. Ona görə də mobil telefonlardan son dərəcə az istifadə etmək tövsiyyə olunur.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının sözlərinə görə, Bakının 30 məktəbində tətbiq olunan yenilik bütün məktəblərdə tətbiq olunacaq.

Qurum atdığı addım həmçinin məktəbdə mobil telefonların uşaqlar arasında yaratdığı sosial bərabərsizliyi aradan qaldırmağı da hesablanıb. Zəminə Əliqızı ANS PRESS-ə bildirib ki, bu hazırda ciddi bir problemdir: "Məsələn, bir sinifdə uşaqlardan birində qiyməti 1000 manata, digərində isə 30 manata olan telefon var. Bu, əlbəttə ki, uşaqlar arasında ciddi narahatlıqlar və psixoloji problemlər yaradır".

Zəminə Əliqızı məktəblərə tətbiq olunan bu yeniliyin heç də hamı tərəfindən müsbət qarşılanmadığını da etiraf edir: "Narazılıqlar olsa da, ümumilikdə müsbət rəy çox olduğundan qadağanı bütün məktəblərdə tətbiq etməyi düşünürük".