Bakıda çörək qazanmaq əzabı

bakida-corek-qazanmaq-ezabi
Oxunma sayı: 2350

Xuraman Hüseynzadə

Avtobus şəhərə çatanda günəş təzəcə pardaxlanmışdı. Dağ-dərəsi yamyaşıl, gül-çiçəkli, adamları əsəbi dinc kəndin sakitliyini şəhərin qələbəliyi əvəzləmişdi. Düşəcəyimiz dayanacağa çatdıq. Avtobus, taksi sürücüləri getdikləri istiqamətə sərnişin yığmaq üçün qışqırır, az qalırdılar, yoldan keçənləri tutub məcbur avtobuslarına, taksilərinə oturtsunlar.

Radioda Yalçın Rzazadə oxuyurdu:

“...Sevgilim keçən yerdən
Bütün şəhər yeriyir
Bakı, sabahın xeyir!..”

Avtobus kənddən tərpənəndən dizlərini ovuşdura-ovuşdura qalan yol yoldaşım Gülyaz xala da düşdü. Xəstəxanaya gedəcəkdi birbaşa. Gülyaz xala Qarabağın buz bulaqlarının suyu, təmiz havası ilə böyümüşdü. Heç sonralar da ağrımamışdı; həkimin kim, müalicənin nə olduğunu bilməmişdi.

Gülyaz xalanın sapsağlam canını Bakı xəstə salmışdı...

***

Əyalətdən, qürbətdən gələnləri də eyni məhəbbətlə ağuşuna alır Bakı. Amma nə qədər gözəlləşsə də əyalətdən, qürbətdən gələnlər özlərini paytaxtda bir növ qərib kimi hiss eləyirlər-canları doğma ocaqlarında, evlərində qalır...

Kirayədə yaşayan əyalət adamları ilə kirayənişin saxlayan paytaxt sakinlərini eyni məqsəd birləşdirir: dolanışıq. İnsanlar pul qazanmaq üçün bir-biri ilə mehriban yaşamalı, yola getməli olur. Kaş adamlar Bakının bu mehribanlığını da öyrənəydi...

Paytaxta axın edən, sıxlıq yaradan əyalət adamları öz ev-eşiyində, el-obasında rahat yaşaya biləcəyi halda niyə didərgin düşürlər?

Məsələn, yol yoldaşım Gülyaz xala... O da ötən ilə kimi Bakıya çörək arxasınca gələnlərdən olub...

Kafelərdə qab yuyub, bazarları süpürüb. Kirayə haqqını, kommunal xərcləri, yemək-içməyı çıxandan sonra qalan pulu yığıb, kəndə qayıdıb. Bir inək, xeyli toyuq-cücə alıb, evini yüngülvari təmir etdirib. Dolanışığı az da olsa, sahmana düşüb. Amma...

Bakıda pul qazandığı illəri indi səhhəti ilə ödəyir qadın. İnəyi də satılıb, toyuq-cücələri də. Bundan sonra nə edəcək, Allah bilir...

***

Üç-dörd gün öncə küçədə sarı saçlı, mini yubkalı, dodaqları silikonlu gənc bir qadın göyərti satan yaşlı qadını təhqir etdi. Göyərti satan xanım başındakı yaylığın quyruğuyla gözünün yaşını silə-silə “Səni də mənim günümə düş, çörək dalınca eldən elə get” dedi...