Bakıda dəhşətli cinayət törədənlər tutuldu

bakida-dehsetli-cinayet-toredenler-tutuldu
Oxunma sayı: 642

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində iki nəfəri qəsdən öldürmüş və bir nəfərin sağlamlığına zərər vurmuş, eləcə də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol vermiş şəxslər tutularaq istintaqa cəlb olunub. Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan birgə məlumatda bildirilir ki, martın 2-də Taləddin və Elman Zeynalov qardaşlarının odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölmələri, Bəhruz Zeynalovun isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldurmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılmaqla hadisə yerinə məhkəmə-tibb ekspertin iştirakı ilə baxış keçirilmiş, oradan 6 ədəd giliz aşkar edilərək götürülüb.

İstintaqla müəyyən edilib ki, həmin tarixdə saat 15:30 radələrində Türkan qəsəbə sakinləri Cabbar İbrahimov tanışları Xəlifəli Rəhmanov və Mirxalid Rəhimovla birlikdə qəsəbədəki «Qaratəpə» adlanan ərazidə əvvəlcədən aralarında yaranmış narazılığı aydınlaşdırmaq məqsədilə Taləddin, Elman və Bəhruz Zeynalovlarla görüşüblər. Orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı C.İbrahimov avtomobilində gətirdiyi qoşalülə ov tüfəngindən Taləddin və Elman Zeynalovlara bir neçə dəfə atəş açıb, sonuncular aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. C.İbrahimov daha sonra Bəhruz Zeynalovun arxasınca qaçaraq qəsdən öldürmək məqsədi ilə ona da atəş açıb, lakin sonuncu xəsarət almasına baxmayaraq oradan qaçdığından C.İbrahimov öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyib.

Martın 3-də cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci, 29, 120.2.7-ci və 221.2.1-ci (xuliqanlıq) maddələrinə tövsif edlərək istintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib.

Cinayətin törədilməsində şübhəli bilinən C.İbrahimov tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, törətdiyi cinayət əməlini tam etiraf etməklə cinayətin aləti olan ov tüfəngini istintaqa təhvil verib.
Bundan başqa Cinayət Məcəlləsinin 221.2.1 maddəsilə şübhəli bilinən Xəlifəli Rəhmanov və Mirxalid Rəhimov da tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə istintaq davam etdirilir.