Bakıda EuroVillage yaradılacaq

bakida-eurovillage-yaradilacaq
Oxunma sayı: 634

"Eurovision-2012" mahnı müsabiqəsinin İşçi Qrupunun sədri Adil Kərimli cümə günü Trend-ə deyib ki, "EuroVillage"in yaradılması "Eurovision" mahnı müsabiqəsinin əsas sosial tədbirlərindən biridir. "EuroVillage" açıq sahədə yaradılacaq. Burada müxtəlif kampaniyalar, konsertlər, müsabiqənin nümayəndə heyətləri tərəfindən ayrı-ayrı proqramlar, tədbirin sponsorları tərəfindən müxtəlif tədbirlər və s. keçirilə bilər.

Kərimli deyib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıda "Euroclub" da yaradılacaq. Burada "Eurovision"a təşrif buyuran jurnalistlər və iştirakçılar üçün müxtəlif əyləncəli gecələr təşkil olunacaq. Bununla yanaşı, burada "Eurovision" mahnı müsabiqəsində təmsil olunan ölkələr adından qəbullar keçiriləcək. Bu qəbullara giriş dəvətnamə ilə mümkün olacaq.

Onun sözlərinə görə, hazırda həm "EuroVillage", həm də "Euroclub"un yaradılması üçün yerlər müəyyənləşdirilir. Hər iki məkanın müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall"a yaxın yerdə yaradılması nəzərdə tutulur. Kərimli "EuroVillage" və "Euroclub"un yaradılacağı yerlərin yaxın vaxtlarda elan ediləcəyini bildirib.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.