Bakıda fitosanitar təlim başladı

bakida-fitosanitar-telim-basladi
Oxunma sayı: 990

FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar  sertifikatlaşdırılması” üzrə təlim seminarı öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərə bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin aşılanması və bu sahədə  onların bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Camal Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib.

FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.

Qeyd edək ki, seminar iştirakçıları təlimin praktiki hissəsinin həyata keçirilməsi məqsədi ilə  sabah Xaçmaz rayonu ərazisinə səfər edəcək. Fitosanitar müfəttişlər ixrac olunacaq bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının təşkili, nümunələrin götürülməsi  və fitosanitar sertifikatlarının verilməsi prosedurları ilə yaxından tanış olacaqlar.