Bakıda hava proqnozu belə hazırlanır - Video

Bakıda hava proqnozu belə hazırlanır
Oxunma sayı: 2839

“Səhər işə nə geyinim?”,  “dekabrda toy edə, ev tikə bilərəmmi?”, “hansı ayaqqabımı çıxarım, çətir götürümmü?, “yonca əkmişəm, görəsən yağış nə zaman yağacaq?”..

Gündəlik həyatımızı əhatə edən bu kimi sualları tez-tez ətrafımızdakı insanlardan eşidirik. 

İsti yay günlərindən sıxılıb yağışı, qarı axtaranda, yaxud soyuqdan üşüyüb qızmar günəşin bizi nə zaman isidəcəyini səbrsizliklə gözləyəndə də hava amili diqqət mərkəzinə gəlir. 

Havanın necə olacağı ilə bağlı suallarımıza cavab verən qurum isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosudur. 

“Qafqazinfo” olaraq fəaliyyəti hər kəsin göz önündə olan qurumda hava ilə bağlı məlumatların  hazırlanması prosesi ilə tanış olduq. Əvvəlcə  Xırdalanda yerləşən Abşeron Regional Hidrometeorologiya Müəssisəsinin Bakı (Xırdalan) Hidrometeoroloji Stansiyasına baş çəkdik. 

Bildirək ki, respublika ərazisində 92 stansiya, 66 avtomat stansiya var. Paytaxt Bakıya ən yaxın yerləşən Xırdalan stansiyasında Abşeron yarımadasında müşahidə olunan hava avtomat qurğu vasitəsilə kompüterə ötürülür. Açıq havada quraşdırılmış hər bir qurğunun özünün ayrıca funksiyası var. Onlar havadakı buludu, küləyin sürətini, yağan qarın ölçüsünü, düşən yağışın miqdarını ölçürlər.

Hər 3 saatdan bir avtomat qurğudakı xüsusi “datçik”lər vasitəsilə yeni məlumatlar kompüterə daxil olur. Həmin məlumatlar ştrixlənərək mərkəzi ofisə, yəni Proqnozlar Bürosuna ötürülür. Proqnozlar Bürosunda isə günorta saatlarına kimi qızğın iş rejimidir. Bu ofisdə 70-ə yaxın işçi çalışır. Onlardan 3-ü kişi, qalanları isə qadındır. 

Canlı iş prosesini izlədiyimiz vaxt hidrometreoloqlarımız noyabrın 9-na olan hava proqnozunu hazırlayırdılar. Stansiyalardan göndərilmiş məlumatlar artıq emal prosesində idi. Günorta saatlarında hava proqnozu tərtib olunaraq KİV-lərə göndərildi. Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, onların işinin kuliminasiya nöqtəsi bülletenin çap olunub müvafiq dövlət qurumlarına göndərilməsidir. 

Müəyyən vaxtlarda hər birimizin hava proqnozu ilə bağlı “dünən demişdilər ki, yağış yağacaq, qalın geyinmişəm, amma yağış yağmadı” kimi ifadələri deyib təəssüfləndiyimiz vaxtlar da olur. Elə bu aspektdən yanaşdıqda, yanlış hava proqnozu məsələsi hidrometeroloqlar  üçün də ağrılı məsələdir. Adətən 92-97 faiz hava proqnozları özünü doğruldur. Prosesin əksinin baş verdiyi nadir hallarda isə məyusluqdan geriyə heç nə qalmır. 

Elə sinoptiklərimizin öncədən də xəbər verdiyi kimi, ötən gün hava yağışlı və küləkli keçdi. Bu gün də temperaturun aşağı olacağı və yağış yağacağı, dağlıq-dağətəyi rayonlarda isə yağışın leysan xarakterli olacağı və qar yağacağı gözlənilir. 

“Qafqazinfo” bir gün ərzində hava proqnozunun hazırlanma prosesi ilə bağlı hazırladığı videosüjeti təqdim edir: 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi