Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

bakida-ii-azerbaycan-beynelxalq-sigorta-forumu-kecirilecek
Oxunma sayı: 663

Avropa və MDB-nin aparıcı sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri II Azərbaycan Beynəlxalq Sığorta Forumunda iştirak etmək üçün Bakıya səfər edəcəklər. 7-8 iyul tarixlərində keçiriləcək forumun təşkilatçıları Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Maliyyə Nazirliyidir. Forumun Təşkilat Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Challenge Group”, “Unity Re”, “Eurasia”, “Best Re”, “IngosStrakh”, “Everest Advisors” UK Ltd., “Avrasiya Reinsurance Broker”, “Brussels Broker de Asigurare SRL”, “Kapital Insurance” JSL, “Societe de Courtage”, “Pioneer Insurance and Reinsurance Brokers Pvt Ltd”, “AVP Reinsurance”, “Transsib Re”, “MARSH” və digər sığorta və təkrarsığorta şirkətlərinin rəhbərlərinin qatılacağı forumda Azərbaycanın sığorta elitası da iştirak edəcək.
“Azərbaycanın sığorta bazarının inkişaf perspektivləri” mövzusunda keçiriləcək forumun məqsədi ölkəmizin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə həmçinin dünya sığorta birliklərinin iştirakçılarının birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıların iş görüşmələri və tərəfdaş münasibətlərinin genişləndirilməsi planlaşdırılır.
Bakı Biznes Mərkəzində iki gün davam edəcək Forumun ana mövzuları bunlardır: “İcbari sığorta”, “Həyat sığortası” və “Banklar və onların sığorta bazarı ilə münasibətləri”.
Foruma “AZRE” Təkrarsığorta Şirkəti və Beynəlxalq Sığorta Şirkəti baş sponsorluq, eləcə də “Atəşgah Sığorta”, “AXA MBASK”, “Standard İnsurance”, “Qarant Sığorta”, “Azal Sığorta”, “A Group İnsurance Company”, “Azərsığorta”, “Başak İnam Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Paşa Həyat” şirkətləri sponsorluq edəcəklər. “UNİTRE”, “Nexum Technologies” şirkətləri forumun xarici tərəfdaşlarıdır.
Qeyd edək ki, hazırda ölkəmizdə 28 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir.

Nigar Məmmədli