Bakıda “İnnofest” olacaq - İnternetin yaradıcısı da gəlir

bakida-innofest-olacaq
Oxunma sayı: 2197

29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (“İnnoFest”) keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, “Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimlinin sözlərinə görə, ölkəmizdə startap hərəkatının formalaşdırılması, yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması məqsədilə təşkil olunan "İnnoFest" çərçivəsində bir çox sammit və forumlar keçiriləcək:

"Festivalda bir çox qlobal təşkilatların, şirkətlərin, nüfuzlu şəxslərin iştirakı nəzərdə tutulur. Belə ki, forum çərçivəsində internetin yaradıcısı Tim Berners Li və dünyanın ən böyük internet şəbəkələrinin nümayəndələri spiker qismində iştirak edəcək. 

Bundan başqa, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri keçiriləcək ki, qalibləri pul mükafatları gözləyir".

Festivalda qlobal tədbirlərlə yanaşı 31 may tarixində məşhur müğənni İnnanın da "Monex Caspian" sammiti çərçivəsində konsert proqramı ilə iştirakı nəzərdə tutulub.

Günel Hacı

Foto: Nuran Məmmədov