Bakıda iranlı tələbəni öldürənlərə hökm oxundu - 90 il

bakida-iranli-telebeni-oldurenlere-hokm-oxundu
Oxunma sayı: 4959

Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan tələbəni öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə təqsirləndirilənlər - Yunus Camallı, Natiq Babaverdiyev və Ceyhun Talıblı 20 il, Pərvin Əlməmmədov 14 il və Zahid Dünyamalıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Dəstənin digər üzvü, ev dustaqlığında olan Rəşidə Seyidova isə 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb. 

Rəsmi açıqlamaya görə, 2017-ci il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub.

Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə  qabaqcadan əlbir olub oktyabrın 11-də  gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər. 

Murad Əhməd