Bakıda kimsəsizlər üçün tikilən ilk sığınacaqdan - Video

bakida-kimsesizler-ucun-tikilen-ilk-siginacaqdan
Oxunma sayı: 4696

Xəbər verdiyimiz kimi, paytaxtda daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün yeni siğınacaq yaradılıb. Ölkəmizdə ilk dəfə baş tutan bu təşəbbüs hamı tərəfindən maraqla qarşılanıb. 

Odur ki, “Qafqazinfo” olaraq biz də Sığınacaq Mərkəzinə yol alıb yaradılmış şəraitlə yaxından tanış olduq.

Əvvəlcə onu qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən bina iki əsas korpusdan ibarətdir. Birinci korpusda 18 yaşdan yuxarı şəxslər, ikinci korpusda isə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar yerləşdiriləcək.

Mərkəzə qəbul prosesi necə aparılır? 

Hər hansı bir şəxsin və yaxud uşağın mərkəzə qəbulu üçün daxili işlər və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən müraciət olunur. Müraciətə əsasən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.

Sosial Sığınacağa qəbul olunan şəxslər ilk növbədə tibbi müayinədən keçirilir. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmir.

Daimi yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq Mərkəzinin direktoru Çingiz Əhmədovun sözlərinə görə, mərkəzə qəbul mərhələli şəkildə nəzərdə tutulub:

“Qəbul olunan şəxslərin ilk növbədə qeydiyyatı aparılır. Daha sonra onlar qarşı otaqda təmizlik üçün yuyunmağa keçirilir, geyimləri dəyişdirilir. Bundan sonra bərbərdə olan şəxslər tam səliqəyə salındıqdan sonra isti xörək üçün yeməkxanaya aparılır. Bütün bu mərhələlər tamamlandıqdan sonra onlara yataq otaqları göstərilir və həmin şəxslər orada yerləşdirilir. Qarşıdakı günlərdə isə onlara asan bir neçə peşə öyrədilir, müəyyən dərslər keçirilir. Biz istəyirik ki, 180 günün tamamında onları cəmiyyətə yenidən qazandıra bilək”.

50 yerlik Sosial Sığınacaqda böyüklər 180, yetkinlik yaşına çatmayan uşaqlar isə 90 gün müddətində qala bilər. 

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün Sosial Sığınacaq və Reablitasiya Mərkəzinin direktoru Xəyalə Qəmbərova bildirib ki, sənədləşmə işləri uzanan təqdirdə uşaqların qalma müddəti 180 günə kimi uzadıla bilər:

“Bu müddət ərzində biz onların yaşayışı ilə yanaşı, təhsilinə də xüsusi diqqət ayıracağıq. Mərkəzdə sinif otaqları, dərnəklər, musiqi klubları fəaliyyət göstərir. Uşaqların bacarığına uyğun olaraq biz onları yönləndirməyə çalışacağıq. Bundan başqa, qapalı və açıq idman zalı, kompüter və təmiz inventar otaqları, kitabxanamız var. Məqsədimiz dövlətimizə layiqli övladların yetişdirilməsində əlimizdən gələn töhvəni verə bilməkdir”.

Günel Hacı