Bakıda mağaza 4 yüz minə satışa çıxarıldı

bakida-magaza-4-yuz-mine-satisa-cixarildi
Oxunma sayı: 1968

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 24 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. 

“Qafqazinfo” xəbər verir ki, hərraca ümumilikdə 156 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakının Suraxanı rayonunda olan 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Suraxanı rayonunda olan 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kv.m-ə yaxındır. Bundan başqa paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olan “Laçın” restoranı 205 min manata hərraca çıxarılıb. 

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var.