Bakıda məişət zorakılığı müzakirə edildi

bakida-meiset-zorakiligi-muzakire-edildi
Oxunma sayı: 638

Tədbirin açılışında çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa Birliyi, BMT-nin Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə keçiriləcək layihənin məqsədi qadınların hüquqları və sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi, eləcə də qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir: “Son illər ölkədə cəmiyyətin bu problemə münasibəti dəyişib. Ən əsası isə odur ki, bu məsələdə davamlı iradə mövcuddur. Bu istiqamətdə ölkədə bir çox işlər görülsə də, hələ də hər şey istədiyimiz kimi alınmır. Buna görə də mövcud problemin qarşısını almaq üçün birgə işlər görülməli və məsələ qarşılıqlı şəkildə həll edilməlidir”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, layihə çərçivəsində qadınların sosial-iqtisadi potensiallarının genişləndirilməsi, ailədaxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur. H. Hüseynova hər kəsi bu problemin həlli üçün birgə əməkdaşlığa dəvət edib. O qeyd edib ki, ölkədə ailənin qorunması, mövcud problemlərin aradan qaldırılması üçün güclü siyasət həyata keçirilirsə, hər kəs də buna dəstək olmalıdır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova da Azərbaycan cəmiyyətində zorakılığın həll edilməli olan mühüm problemlərdən biri olduğunu deyib. O qeyd edib ki, Azərbaycan cəmiyyətində hər kəs, xüsusilə qadınlar bu hallarla qarşılaşa bilər. R.Aslanovanın sözlərinə görə, sadəcə hamı birgə şəkildə bu problemin həllinə öz dəstəyini göstərməlidir.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia da tədbirdə çıxışı zamanı zorakılığın bütün dünya ölkələrində həll edilməsi vacib olan məsələlərdən biri olduğunu deyib. O bildirib ki, Azərbaycanda bu istiqamətdə mühüm işlər həyata keçirilir. Avropa Birliyi bu məsələdə Azərbaycan hər bir dəstək göstərməyə hazırdır.

BMT-nin Azərbaycan Nümayəndəliyinin Rezident Əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Antonius Broek isə Azərbaycanın bu problemin həllinə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirib: “Bu sahədə Azərbaycanda ciddi siyasi iradə mövcuddur. Bunun nəticəsində də ölkədə müəyyən problemləri həll etmək mümkün olacaq. BMT-də də hər zaman mövcud sahədə Azərbaycana dəstək göstərməyə hazırdır”.

AHK-nın baş katibi Kamal Cəfərov layihənin təqdimatını edib. O, tədbir iştirakçılarına layihə ilə bağlı geniş məlumat verib.

Tədbir müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, layihə özündə 6 komponenti birləşdirir. Layihə çərçivəsində 30 qadına texniki və idarəçilik qabiliyyətini genişləndirmək üçün təlimlər keçiriləcək. İlkin olaraq layihənin icrasına Xaçmaz rayonundan başlanacaq.