Bakıda məktəb direktorları ilə görüş

bakida-mekteb-direktorlari-ile-gorus
Oxunma sayı: 1273

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

İdarə müdiri ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu, xüsusi hallarda kommunikasiyanın təşkili barədə geniş məlumat verib.

Görüşdə məktəblərin idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.