Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

bakida-mektebli-yarmarkalari-fealiyyete-basladi
Oxunma sayı: 638

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Bakı  Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov APA-ya bildirib ki, 10-dək məktəbli yarmarkası "Koroğlu", "Neftçilər", "Elmlər Akademiyası", "İnşaatçılar", Nəriman Nərimanov", "28 May" stansiyalarının giriş-çıxışında yaradılıb. 
 
Onun sözlərinə görə, yarmarkalar əhalinin daha çox sıx olduğu Yasamal, Suraxanı, Nizami, Nəsimi, Nərimanov, Səbail rayonlarda fəaliyyət göstərəcək. Bu yarmarkaların 1 ay müddətində - avqustun 25-dən sentyabrın 25-dək tam fəaliyyət göstərəcəyini deyən Ə.Bağırov qeyd edib ki, burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir:
 
"Yarmarkalar üçün çadırlar qurulub və burada məktəblilər üçün lazım olan bütün ləvazimatlar- kitab, dəftər, qələm, karandaş, çanta və digərməhsullar satılır. Bu ərazilər vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək. İstəyirik ki, məktəbli ləvazimatlarının satışı pərakəndə şəkildə olmasın, kim harada istəsə məhsulu satmasın, şəhər bazara çevrilməsin, küçələrdə xırda ticarətlər olmasın. Yarmarkalarda qiymətlərin nisbətən ucuz olması nəzərdə tutulub. Ancaq nəzərə almaq lazımdır ki, bütün məhsulların qiymətini bazar tənzimləyir. Məsələn, qiyməti 2.50 qəpiyə olan hansısa məhsul yarmarkada 1.50 qəpiyə satıla bilməz.  Qiymətlərdə çox az miqdarda fərq hiss olunacaq".