Bakıda məşhur şirkətin rəhbəri həbs olundu

bakida-meshur-sirketin-rehberi-hebs-olundu
Oxunma sayı: 10254


“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

"Qafqazinfo"ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, “Merac Holdinq” şirkətinin İdarə Heyətinin sədri Səbuhi Əliyev qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zaqatala-Balakən bölgəsində baş vermiş təbii fəlakətdən zərər çəkən ailələr üçün nəzərdə tutulan yaşayış evlərinin tikintisinin aparılmasında subpodratçı kimi işləmək üçün “Bakıenerjitikinti” ASC-nin əməkdaşına guya tanıdığı vəzifəli şəxsin köməyi ilə inşa ediləcək 204 evin tikintisinin həmin cəmiyyətə həvalə olunacağını vəd edərək ondan bunun müqabilində hər ev üçün 120 manat olmaqla 24 min 480 manat pul istəyib həmin məbləğin 20 min manatını şirkətin ofisində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.

S.Əliyevin yaşadığı mənzilə baxış zamanı ayrı-ayrı vətəndaşlara aid şəxsiyyət vəsiqələri və hərbi biletlərin surətləri, tibbi arayışlar, yaşayış yeri və ailə tərkibi haqqında arayışlar, fotoşəkillər və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

S.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda S.Əliyev tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.