Bakıda Neft-Qaz sərgisi başlayır

bakida-neft-qaz-sergisi-baslayir
Oxunma sayı: 721

Ənənəvi olaraq, “Caspian Oil and Gas” sərgisi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstəklənəcək. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group Plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian LLC” şirkəti çıxış edirlər. Layihə üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgiyə fəal surətdə cəlb edən “ITE Group plc” şirkətinin tərəfdaşları - “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunublar.

“Iteca Caspian” şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu il sərgidə dünyanın 32 ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, BƏƏ, Böyük Britaniya, Rusiya və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçılarıdırlar. Əlamətdar hallardan biri də ondan ibarətdir ki, sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Sərgiyə olan davamlı maraq çox mühüm göstərici və əhəmiyyətli amil olub, Azərbaycanın beynəlxalq neft birliyində layiqli yer tutduğuna və regionda lider mövqeyinə malik olduğuna dəlalət edir.

Sərgi və konfransın Baş sponsoru qismində “BP Azərbaycan" şirkəti çıxış edir. Sərginin qızıl sponsorları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Andrade Gutierrez” şirkətidir. Sərgi və konfransının sponsorları arasında Caspian Geophysical, Conoco Phillips, Cross Caspian Oil and Gas Logistics, Det Norske Veritas, Ernst & Young, IGI POSEIDON S.A., Inpex Corporation, McDermott Caspian Contractors, Inc, MESC, Nobel Oil LTD, OMV Aktiengesellschaft, RWE, Statoil, Salans, TAP, Total E&P Azerbaijan, Velosi, Vietnam Oil & Gas Group (Petrovietnam) şirkətlər var.

Sərgi “Bakı Ekspo” mərkəzinin iki pavilyonunda keçiriləcək. Bu tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.

“Caspian Oil and Gas” sərgisinin işgüzar proqramı çərçivəsində 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" konfransı keçiriləcək. Artıq 500-ə yaxın nümayəndənin akkreditə olunduğu bu konfrans öz işinə sərginin ikinci günü, yəni 6 iyun tarixində “Hilton Bakı” otelində başlayacaq. Konfransın məruzəçiləri arasında müxtəlif dövlətlərin yüksək rütbəli nümayəndələri və respublikanın neft-qaz sənayesi sahəsinin aparıcı iştirakçıları yer alır.

Nigar Məmmədli