Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib - Qaranlıq məqamlar

Bakıda partlayış baş verən binanı Ziya Məmmədov tikib
Oxunma sayı: 7147

Dünən səhər saatlarında Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 18-də partlayışın baş verdiyi çoxmərtəbəli yaşayış binası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin binanın bir neçə il öncə “ZQAN Holdinq” tərəfindən tikildiyi məlum olub.

Bildirək ki, bu şirkət 2013-cü ildən sonra adını dəyişərək “Garant Holding” olub.

Qeyd edək ki, partlayışa səbəb kimi qaz sızması göstərilsə də, həmin binada əslində qaz olmayıb.

Belə ki, bir neçə gün öncə “Azərsu” ASC-nin əməkdaşlarının bina sakinlərinin müraciəti əsasında su xəttində yaranmış problemin aradan qaldırılması üçün bina yaxınlığında qazıntı aparıblar. Lakin, qazıntı zamanı su xəttinin yanından keçən qaz xətti zədələnib. Bu səbəbdən də ərazidə qaz sızması baş verib və partlayışa səbəb olub.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya bildirib ki, qurum binanın zirzəmisində heç bir iş görməyib: “Dəftərxana ləvazimatı mağazasının sahibi deyib ki, “Azərsu”  ərazidə işləyib. Düz 1 həftə əvvəl binadan xeyli aralıda, küçədə kanalizasiya qəza briqadası iş görüb və bunun qaz xəttiylə heç bir əlaqəsi yoxdur”.

Bildirək ki, hadisənin səhər saatlarında baş verməsi böyük bir faciənin qarşısını alıb. Belə ki, həmin binanın 3-cü mərtəbəsində kurs yerləşir. 10-11 radələrində partlayış baş versəydi, həmin vaxt kursda 60-70 şagird zərər çəkə bilərdi.

Partlayış nəticəsində binaya və binada fəaliyyət göstərən “Ofisait” mağazasına ümumilikdə 3-4 milyon manat ziyan dəydiyi ehtimal edilir.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xatırladaq ki, yanğınla nəticələnən partlayışda mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi