Bakıda sağlamlıq turizm konqresi

bakida-saglamliq-turizm-konqresi
Oxunma sayı: 695

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələri iştirak edib.

Türkiyəni isə Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşları təmsil ediblər. Təşkilatçı şirkət olan “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev deyib ki, Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir. Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Əlişir Musayev bildirib ki, Azərbaycanda sağlamıq turizminin inkişafı üçün böyük imkanlar var.

Onun sözlərinə görə, Azərbaycanda hələ sovet dövründə kurortlar olub və insanlar burada öz sağlamlıqlarını bərpa ediblər. Ə.Musayev deyib ki, Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ölkə başçısının xüsusi sərəncamları olub, kurortların inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub: “Azərbaycan sağlıq turizmi üçün çox vacib ölkədir. Məhz bu sahənin inkişafına Azərbaycanda xüsusi əhəmiyyət verilir və bu addımlar davamlı olacaq. Bu sahədə çoxsaylı işlər bu gün də görülür. İnkişaf etmiş ölkələrdə ən yüksək yeri sağlıq turizmi tutur. Bu cür tədbirlərin keçirilməsi çox təqdirəlayiqdir”.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun bildirib ki, inkişaf etmiş ölkələrdə sağlamlıq turizmi turizmin əsas istiqamətlərindən biri olub: “Həm Türkiyədə, həm də Azərbaycanda sağlamlıq turizmin inkişafı üçün böyük imkanlar var. Buna görə də hər iki ölkənin sağlamlıq turizmi sahəsindəki imkanlarını birgə dəyərləndirilməsi lazımdır”.

Konqres noyabrın 9-da da öz işini davam etdirəcək.