Bakıda silsilə cinayətlər törədən şəxs həbs edilib

Bakıda silsilə cinayətlər törədən şəxs həbs edilib
Oxunma sayı: 2076

Bakıda silsilə cinayətlər törədən keçmiş məhkum ələ keçib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtın müxtəlif ünvanlarında həyət evlərindən və binaların bloklarından su matorları və təzyiq gücləndirici aparatları sökərək oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Səfərov saxlanılıb. Faktlarla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq; təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş RPİ-nin baş müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin icraatındadır. Araşdırma zamanı müəyyən olunub ki, P. Səfərov Səbail rayonu ərazisində 30, Nəsimi rayonu ərazisində 8 mator oğurlayıb. Həmin avadanlıqları isə "Təzə bazar"da dükanlara satıb.

Vətəndaşların oğurlanan su motorlarının əksəriyyəti geri qaytarılıb. Məlum olub ki, 26 yaşlı P. Səfərov 5 il öncə də məhkum olunub. O, 2013-cü ildə bir neçə şəxsə qarşı dələduzluq etdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib. İki il həbsdə qaldıqdan sonra 2015-ci ildə 1 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb. Silsilə oğurluq cinayətlərindən əvvəl isə Nərimanov rayonunda oğurluq edib. Bu faktla bağlı hazırda Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə məhkəmə işi davam etdirilir. Bu işdə P. Səfərov həbs edilmədiyi üçün azadlıqda qalıb və digər əməllərini davam etdirib.

Bu gün isə baş müstəntiq Hənifə Bayramzadənin vəsatəti əsasında rayon prokurorun verdiyi təqdimat ilə Səbail Rayon Məhkəməsi P.Səfərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, İstintaq Təcridxanasına köçürülüb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi