Bakıda SOCAR-ın işçisi silahla camaatı qorxudub - - Yenilənib

bakida-socar-in-iscisi-silahla-camaati-qorxudub-
Oxunma sayı: 4466


Musavat.com-un hadisə yerində olan əməkdaşlarının verdikləri məlumata görə, silahlı şəxs ətrafdakıları təhdid edir. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilib, zirehli gödəkçəli və silahlı polis əməkdaşları həmin şəxsi zərərsizləşdirməyə çalışırlar. Hazırda onunla danışıqlar gedir, əraziyə jurnalistlər buraxılmır. Həmin şəxsin əlində Vinçester tipli tüfəngin olduğu bildirilir. Amma niyə bu addımı atdığı hələlik məlum deyil.

***

Hadisə yerindəki müxbirimiz deyir ki, ARDNŞ-in mühafizə xidməti şübhəli bir şəkildə işə müdxilə edib və həmin silahlı şəxsi oradan uzaqlaşdırıb. Polislər və orada olan müxbirimiz qeyd olunan müəssisəyə girəkən orada artıq heç kim olmayıb. Lakin yerdən boş giliz tapılıb. Bu da müxbirimizə o qənaət yaradıb ki, silahlı şəxs atəş açıb. Burada həm də şübhə yaranır ki, olayı törədən elə ARDNŞ-in öz əməkdaşlarından biridir.

***

Əməkdaşlarımız zirehli gödəkcəli şəxslə əlində silah olan şəxsə yaxınlaşıb nə baş verdiyini aydınlaşdırmağa çalışıblar. Ərazidəki mülki geyimli və silahlı şəxslər “geri qayıdın, bu dəqiqə sizə atəş açacaq”deyib əməkdaşlarımızı hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.


Silahlı şəxslə danışıq aparan zirehli gödəkcə geyinmiş hüquq-mühafizə orqanı əməkdaşı isə reportyorlarımıza tərəf gələrək təcili ərazidən uzaqlaşmağı tələb edib: “Adamın əlində “Viniçester” var, yaxınlaşacaq hər kəsi vuracağını deyir, jurnalist, filan tanımır, gedin burdan”.


 Əlində silah olan şəxs isə baş verənlərə heç bir reaksiya verməyib. Maraqlıdır ki, yerə oturmuş vəziyyətdə olan silahlı şəxs onunla danışıq aparan hüquq mühafizə orqanı əməkdaşını özünə 5 addımlığa qədər yaxın buraxıb. Kənardan belə müşahidə olunub ki, həmin şəxs hüquq mühafizə orqanı əməkdaşına tələblərini və ya hansısa fikirlərini çatdırır, hüquq mühafizə orqanı əməkdaşı isə ratsiya vasitəsi ilə onun dediklərini tələb olunan ünvana ötürür. Əməkdaşlarımız polis tərəfindən ərazidən uzaqlaşdırılıb. Buna baxmayaraq, əməkdaşlarımız mümkün terrorçu ilə danışıq aparan hüquq mühafizə orqanı əməkdaşının fotosunu çəkə biliblər. Əməkdaşlarımız hadisə yerindən uzaqlaşdırılarkən atəş səsləri eşidilib. Bir qədər sonra yenidən hadisə yerinə qayıdan əməkdaşlarımız H.Əliyev 173 ünvanında SOCAR mühafizə xidmətinin əməkdaşını görüblər. Əməkdaşlarımızla eyni vaxtda hadisə yerinə çatan mühafizəçi əvvəlcə geri qaçıb. Əməkdaşlarımızın “jurnalistlərik” deməsindən sonra mühafizəçi olay yerinə baxış keçirib və yerdən üzərində “ZVER” yazılan boş giliz tapıb. Bu zaman olay yerinə polis əməkdaşları gəliblər. Mühafizəçi gilizi onlara təqdim etsə də, polis gilizi götürməkdən imtina edib. Hadisə yerində qan izləri olmayıb. Bu isə belə nəticə çıxarmağa əsas verir ki, hüquq mühafizə orqanı əməkdaşı həmin mümkün terrorçunu mövqe tutduğu yerdə zərərsizləşdirə bilib. Olay Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin ərazisində baş verib. Buna görə də əməkdaşlarımız bölmənin qarşısına gediblər. Orada DİN və MTN-ə məxsus çoxsaylı avtomobillər olub. Gecə saat 00-25-də əməkdaşlarımız bölmənin növbətçi hissəsi ilə əlaqə saxlasalar da, olayla bağlı hər hansı bir açıqlama verilməyib.

Bununla belə, gecə saatlarında “Yeni Müsavat”ın əməkdaşları əraziyə əsgərlərlə dolu hərbi karvanın gəldiyini müşahidə ediblər.

Təffərüatları öyrənməyə çalışacağıq.