Bakıda “SOCAR OGPC Forum”u keçiriləcək

bakida-socar-ogpc-forumu-kecirilecek-
Oxunma sayı: 727

ARDNŞ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Forum 'Iteca Caspian' və 'INBC Consulting' şirkətləri tərəfindən təşkil olunur. Forum çərçivəsində Azərbaycanın neft-qaz emalı və neft-kimya tarixi, mövcud vəziyyəti və yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi ilə bağlı məsələlər müzakirə ediləcək. Tədbirin ilk iki günündə ARDNŞ və iştirakçıların təqdimatlarının dinlənilməsi, 3-cü günü isə ARDNŞ-nin müxtəlif şirkətlərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Layihənin reallaşdırılmasında faydası ola biləcək şirkətlərin böyük bir qisminin Forumda iştirakı gözlənilir. Forum NQNK Layihəsi ilə tanış olmaqla yanaşı, dünyanın qabaqcıl şirkətlərinə rəhbərlik və digər yüksək rütbəli nümayəndələr səviyyəsində neft-qaz emalı və neft-kimya sahəsində öz təcrübələri, texnologiyaları, digər resurs və innovasiyalarını təqdim etməyə unikal imkan yaradır.

Forumun açılışını ARDNŞ prezidenti Rövnəq Abdullayev edəcək. Forumun sessiyalarında ARDNŞ-nin vitse-prezidentlərinin və bu kimi nəhəng layihələrin reallaşdırılması üzrə öz təcrübəsini və biliklərini təqdim edən dünyanın qabaqcıl şirkətlərinin rəhbərlərinin çıxışı nəzərdə tutulur. “ARDNŞ NQNK Forumu” artıq dünyada böyük maraq doğurub və hazırda təşkilatçılar tərəfindən 60-dan çox şirkətlə qeydiyyatın aparılması üzrə danışıqlar aparılmaqdadır.

Qeyd edək ki, Bakı şəhərinin yaxınlığında yeni Neft-Qaz emalı və Neft-kimya Kompleksi (NQNK) layihəsi çərçivəsində illik istehsal gücü 10 milyon ton olan neft emalı, 10 mlrd. m3 olan qaz emalı zavodlarının və polimer istehsalı gücü təqribən 2 milyon ton olan neft-kimya kompleksinin tikintisi nəzərdə tutulur. Bundan əlavə, Kompleksin tərkibində mərkəzləşdirilmiş ümumi-zavod təsərrüfatı və İstilik Elektrik Mərkəzi inşa ediləcək. Ümumilikdə kompleksin konfiqurasiyasına 30-dan çox texnoloji qurğu daxil olacaq. NQNK layihəsinin dəyəri 15 mlrd. ABŞ dollarıdır. Kompleks tam olaraq 2020-ci ildə istismara veriləcək. İlkin hesablamalara əsasən, layihə iqtisadi cəhətdən cəlbedici hesab edilir və investisiya qoyuluşlarının 6-7 il ərzində ödənilməsi nəzərdə tutulur.

Nigar Məmmədli