Bakıda türk liseyi qalmaqalı

bakida-turk-liseyi-qalmaqali
Oxunma sayı: 8185





“Atatürk liseyində təhsilin ödənişli olması barədə qəbul olunan qərar əvvəlki illərdə liseyə daxil olan şagirdlərə şamil olunmamalıdır”.

Bu sözləri yeni qəbul olunmuş qərarla razılaşmayan bəzi valideynlər  “Qafqazinfo” ya şikayətlərində bildiriblər. Valideynlər qeyd edir ki, 1-2 il bundan qabaq məktəb rəhbərliyi təhsilin ödənişli olması barədə qərar çıxarıb. İllik ödəniş əvvəl 400 dollar, sonra isə 700 dollar olub. Valideynlər bildirir ki, uşaqları məktəbə daxil olanda təhsilin ödənişli olacağı barədə onlara məlumat verməyiblər: “Əgər belədirsə, bu qərar liseyə yeni qəbul olunan şagirdlərə şamil olunmalıdır. Məktəb bu durumu onunla əsaslandırır ki, imkanları məhdudlaşdığına görə, bu addımı atmağa məcburdurlar. Başa düşürük. Yenə də bütün hallarda qəbul olunan qanun geriyə şamil oluna bilməz. Məktəb rəhbərliyi bildirir ki, bu barədə Təhsil Nazirliyi ilə birgə razılaşdırılmış sənəd var. Amma sənədi narazı valideynlərə göstərmirlər. Bundan əlavə, əgər təhsil pulla olursa, məktəbin də əlavə öhdəlikləri olmalıdır”.

Qeyd olunan narazılıqları ilə bağlı “Qafqazinfo” Bakı Atatürk liseyinin direktoru Şinası Günerlə əlaqə saxlayıb. Şinasi bəy qeyd edib ki, məktəbin elanlar şöbəsində vəqfin baş direkorunun yazısı var: “Bu bir əmrdir və biz də onu elanlar şöbəsindən asmışıq. Vəqfin əmrinə əsasən, 2012-2013-cü il təhsil ilində daha əvvəlki illərdə qəbul olunmuş şagirdlərdən də məktəbi bitirənə qədər illik 750 dollar alınmasına qərar verilib. Bunu hər bir valideyn bilir. Ədliyyə və Təhsil Nazirliyi ilə birgə razılaşdırılmış sənəd var. Sizin orada başınızı ağrıtmasınlar. Gəlib məktəbdən doğru şəkildə bilgi alsınlar”.

Şinası Güner vəqfin qərarını da açıqlayıb.

Maddə 1
- Birinci siniflər məktəbə daxil olanda 1500 manat ,
- Qardaş-bacı endirimi, yəni birinci qardaş-bacıya görə yüzdə on endirim,
- 2-ci qardaşa yüzdə iyirmi endirim,
- Ehtiyac sahibləri və savadlı şagirdlər üçün yüzdə on qədəri ilə endirim,
- Valideynləri olmayan şagirdlər isə şagird sayının aşağı-yuxarı yüzdə on qədəri ilə pulsuz təhsil alırlar.
- 2012-2013-cü il təhsil ilində əvvəlki illərdə liseyə daxil olmuş şagirdlərdən də illik 750 dollar alınmasına qərar verilib.

“Biz valideynlərə bildiririk ki, şikayətiniz varsa, vəqfin telefonları sizdə var. Zəng vurun, məlumat alın, qərarın bizlə əlaqəsi yoxdur. Vəqfdən də bunları təsdiqləyirlər. Bildirirlər ki, bura artıq özəl məktəbdir. Əgər imkanınız yoxdursa, uşaqlarınızı dövlət məktəbində oxutdurun”.

Məktəb direktoru liseyin yeni nizamnaməsi haqda da məlumat verib. Onun sözlərinə görə, məktəbin yeni nizamnaməsi Ədliyyə və Təhsil Nazirlikləri ilə birgə razılaşdırılıb. Nizamnamənin qeydiyyat nömrəsi 1112 A7 480, 29 noyabr 2012-ci il.


“Sizə bu şikayəti bildirən valideynlər məktəbin bağlanması üçün çalışırlar. Bir narazılıqları varsa, məktəbə gəlib bilgi alsınlar. Bura bir özəl liseydir. Onların övladlarını oxutmağa məcbur deyilik. 20 ildir ki, pulsuz təhsil vermişik. İndi vəqfin pulu qurtarıb. Azərbaycanda özəl liseylərinin hamısının illik ödənişi 7000 manatdan başlayır. Vəqfin başqanı deyir ki, 750 dollarla məqsədimiz pul qazanmaq deyil, sadəcə bu yardım məqsədi daşıyır. Müəllimlərin maaşlarının ödənməsinə yardım etmək məqsədilə bu pullar ödənilir. 750 dollar ödənməzsə, bu məktəb bağlanır. Həmin insanlar çalışır ki , bu lisey bağlanarsa, uşaqlar ödənişi yüksək olan liseylərə gəlməyə məcbur olarlar. Bu da həmin liseylərə xeyir gətirər”.

Şinası Güner ödənilən pulla əlavə öhdəliklərin həyata keçirilməsi məsələsinə də aydınlıq gətirib. “Lisey30 saylı məktəbin bir mərtəbəsində fəaliyyət göstərir: ” Bura yüksək ödənişli özəl məktəb olsa, onda valideynlərin dediklərini etmək olar. Bizdə hələ may ayının maaşını ala bilməyən müəllimlərimiz var. Lisey əlavə öhdəlikləri necə həyata keçirsin? Bu sadəcə, maaş üçündür. Yəqin ki, Azərbaycan dövləti bizə kömək edər. Məktəbin təmirinə bir sıra təşkilatlar  yardım edir. Şagirdlərini ilk dəfə bura gətirənlər valideynlər bildirir ki, sizin fiziki imkanlarınızın  yaxşı olmadığını bilirik, amma sizin verdiyiniz təhsilin keyfiyyətinə bələd olduğumuz üçün uşaqlarımızı bu liseyə qoyuruq” .

Günel