Bakıda “Yer saatı 2018” ekoloji kampaniyası keçirildi - Fotolar

bakida-yer-saati-2018-ekoloji-kampaniyasi-kecirildi
Oxunma sayı: 1405

Martın 24-də Bakıda “Yer saatı 2018” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər.

Daha sonra onlar rəmzi gerisayımda kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.

Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı 2018” aksiyası zamanı əyləncəli fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri və hədiyyəli müsabiqələr keçirilib.

Aksiya çərçivəsində paytaxtdakı bir sıra binalarda, nəhəng qüllələrdə və hotellərdə işıqlar söndürülüb. Bununla da insanların kampaniyaya diqqət cəlb etməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2017-ci ildə 187 ölkə tərəfindən qeyd edilib.

Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb. IDEA İctimai Birliyi tərəfindən ötən il 10 illiyi qeyd edilən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300-dən çox gənc qoşulub.