Bakıdakı avtobuslarla bağlı yenilik

bakidaki-avtobuslarla-bagli-yenilik
Oxunma sayı: 646

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb. 

Agentlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər  sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində Agentliyin verdiyi eyniləşdirmə kodunun və 141 Çağrı Mərkəzinin nömrəsinin olmasıdır. Məqsəd, sərnişindaşıma sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq və dövlət nəzarətini daha da təkmilləşdirməkdir. Artıq Bakı Nəqliyyat Agentliyinin tələbi və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.

Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də yığışdırılır. Bununla da ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək. 

Yaxın vaxtlarda Çağrı Mərkəzinin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər.

Avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları  isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir. 5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir.  Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək. 

Eyniləşdirmə nörmələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması  xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlərin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq.