Bakıdakı kütləvi davanın təfərrüatı

bakidaki-kutlevi-davanin-teferruati
Oxunma sayı: 687

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, martın 2-də Qaraçuxur qəsəbəsində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı Orxan Xamıyev qəsdən öldürülüb. Həmin fakta görə Suraxanı rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 17.00 radələrində, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib. Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddətdən sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov və Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəlib. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib. Eyni zamanda, Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıb. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdirilib.

Həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. K.Knyazov və E.Mirzəyev şübhəli şəxs qismində tutulub. Münaqişədə iştirak etmiş digər şəxslərin də müəyyən olunub istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Lent.az-a verilən digər məlumata görə, hadisə vaxtı Xamıyevlərin qonşusu olan 23 yaşlı Orxan Qurbanov da xəsarət alıb.