Bakıdakı mənzil bazarında rekord qiymətlər

bakidaki-menzil-bazarinda-rekord-qiymetler
Oxunma sayı: 2751


Artım hətta son beş ildə rekord həddə çatıb.

“Qafqazinfo”nun ANS TV-yə istinadən verdiyi məlumata görə, Bakının ilkin və təkrar mənzil bazarlarında qiymət artımı cari ilin əvvəlindən başlıyıb. Təkrar satılan evlərdə qiymətlər ötən illə müqayisədə təqribən 20% artıb, ilkin mənzil bazarında isə 1 kvadratmetr sahənin qiyməti 30 faizə yaxın bahalaşıb.

Daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək, qiymət artımı 2011-ci ildə 4 %, 2012-ci ildə 12 %, 2013-cü ildə 26 % olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32,6 % göstərilir.

Qiymətlərin dinamik artımının mövsümü xarakter daşıdığı düşünülsə də ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir.

Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bazarda təklif azaldıqca qiymətlər artır: “2011-ci ildən artıq Azərbaycanda tikinti bumu nisbətən səngidi. Amma əhalinin gəlirləri artdı, buraya ölkədə aparılan tikinti layihələri Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki kompensasiya ilə sökülən ərazilər birbaşa təsir etdi”.

Qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində deyil, əsasən Bakı ətrafında, xüsusən də Xırdalan, Masazır və Saray qəsəbələrində kəskin şəkildə nəzərə çarpır. Burda daşınmaz əmlakla yanaşı torpaq sahələrinin də qiyməti artır. Amma Bakının 3-cü və 4-cü dairələrində də kifayət qədər artım müşahidə olunur.

Ekspert Akif Mehrəliyev deyir ki, ötən il Bakının 3-cü dairəsi hesab olunan ərazilərdə Xruşovka binalarda iki otaqlı mənzillər 80.000 idi: “İndi isə həmin evlər 100.000 AZN-ə təklif olunur. Bu ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gəlir”.

Təklifin azalması ilə daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir. Yalnız bundan sonra tələb azalarsa, qiymətlərdə ucuzlaşma baş verə bilər.