“Bakıelektrikşəbəkə” dekabrın 17-də borclu abonentlərin işığını kəsəcək

bakielektriksebeke-dekabrin-17-de-borclu-abonentlerin-isigini-kesecek-
Oxunma sayı: 648

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, təsdiq olunmuş Tədbirlər Planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, bina və qurğuların təmiri, maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması, kontakt birləşmələrinin və transformatorlarda soyutma sistemlərinin təftişi, rele mühafizəsi və avtomatika vasitələrinin, nəzarət – ölçü cihazlarının profilaktik yoxlanılması, elektrik veriliş xətlərinin təmiri, metal konstruksiyaların təmiri, avadanlıqlarda yanğına qarşı müvafiq tədbirlərin görülməsi və sairə kimi tədbirlər yerinə yetirilməkdədir.
Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər.
“Bakıelektrikşəbəkə” ASC -nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 17 dekabr 2011-cu il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

Nigar Məmmədli