Bakını su basmasının gizli məqamı...

bakini-su-basmasinin-gizli-meqami
Oxunma sayı: 2738

Azər Qismət

Neçə aydır Bakıda havaların dəyişməsi onu az qala çərçivəsindən çıxararaq respublikamızın Cənub bölgələrinə bənzədib. Əlbəttə, bu bir zarafatdır. Sadəcə, yağışların yağması, dumanın artması Bakının iqliminə təəccübümüzü artırıb. Bütün bunların fövqündə bir məsələ daha çox müşahidə edilir. Bu da hər yağış yağanda küçələri su basmasıdır.

Bəs, küçələri niyə su basır? Hansı səbəbdən yağış suları yolları basır, zirzəmilərə, yol keçidlərinə dolur, narahatlıq yaradır? Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, yağıntının sürətli enişi kanalizasiya xəttini doldurur və axına birbaşa təsir göstərir. Yəni, kanalizasiya borusunun darlığı yağış suyunu ötürməkdə gecikir. Nəticədə, sürətlə artan yağış seli borunun sürətini üstələyir. Bu problem Moskva, Berlin və Nyu-Yorkda tez-tez müşahidə edilir. Sürətli yağış ən iri diametrli borunun ötürmə gücündən də iti olur.

Bu aydındır, bunu bildik. Bəs, görəsən hansı səbəbdən Avropanın adıçəkilən şəhərlərində sakit yağış nəticəsində yolları su basmır, amma Bakıda bunu görürük? Bunun bir neçə səbəbi var.

Əsas səbəblərdən biri asfalt çəkilərkən yağış sularının axma istiqamətini müəyyənləşdirməməkdir. Asfaltçəkmədə elementar bir metod var. Həmin klassik metod bundan ibarətdir ki, asfaltın kənar hissələrində yağış sularının axması üçün ayrıca xətt çəkilir. Buna xalq arasında “livnevoy” xətt deyilir. Yağış suları məhz həmin xətlə axıb gedir. Bu xəttin çəkilməsi ilə iş yekunlaşmır. Çox təəssüf ki, yeni asfalt çəkilən yollarda yağış xətlərinin çəkilməsi unudulub, ya da layihəyə qənaət edilib. Nəticə göz qabağındadır.

Bundan əlavə asfalt mərkəzi hissədən qabarıq olmalıdır ki, sular avtomatik olaraq kənarlara süzülsün. Amma bəzən bizim asfaltların orta hissəsi qabarıq olmur. Diqqətlə fikir versəniz görərsiniz ki, yağış yağanda asfaltın kənarlarını deyil, məhz mərkəzini su basır. Deməli, asfaltın mərkəzi hissəsi qabarıq deyil, əksinə yarğan formada çəkilib.

Yağintilar nəticəsində paytaxtı su basmasının digər səbəbi yağış xətlərinin təmizlənməməsidir. Əslində, bunun mənbəyi yaydan başlanır. Məsələ burasındadır ki, yolların təmizliyinə baxan süpürgəçilər bəzən zibilləri həmin xətlərə sarı süpürürlər. Yəni, işlərini asanlaşdırmaq üçün zibillər torbalara deyil, yaxınlıqdakı xətlərə süpürülür. Yaxud, avtomobillərin təkərlərinə yapışıb paytaxta gətirilən palçıqlar, eləcə də etikasız adamların atdıqları siqaret kötükləri də yağış xətlərinin dolmasına gətirib çıxarır. Halbuki problemi bilən aidiyyatı qurumlar həmin xətləri vaxtaşırı təmizləməlidirlər. Təəssüf ki, əksər hallarda buna əməl edilmir.

Yeri gəlmişkən palçıq barədə. Bəzən sual verirlər ki, niyə iri şəhərlərin küçələrində palçıq olmur, amma bizim paytaxtda hər yağış-qardan sonra üzə çıxır? Çünki iri paytaxtlarda həyət evləri azdır. Adamlar binadan, avtomobillər isə təmiz və səliqəli parkovkalardan çıxırlar. Bizim paytaxt isə minlərlə həyət evləri ilə əhatə olunub. Həmin evlərdən trassa qədər asfalt yoxdur, torpaq yollardır. Bu torpaqlar da avtomobilin şinləri ilə asfalta gətirilir. Oradan da yağış xətlərinə dolur.

Problemin nisbətən aradan qaldırılması üçün ilk növbədə asfalt çəkilişində texniki standartlara əməl edilməlidir. İkinci növbədə paytaxtın 15 faiz hissəsinə çəkilən yağış xətləri yerdə qalan 85 faizə də çəkilməlidir. Və nəhayət üçüncüsü, yağış xətləri tez-tez təmizlənməlidir.