Bakının nəqliyyat problemi – Müzakirə

bakinin-neqliyyat-problemi-muzakire
Oxunma sayı: 1554

“Qafqazinfo” xəbər verir ki, bu dəfəki toplantıya qrumun üzvü Samir Əsədli rəhbərlik edib. Cəmiyyətdəki ən aktual problemləri vaxtaşırı olaraq müzakirə edən Gənclər Məclisi bu dəfəki toplantısında nəqliyyat sistemindəki problemləri gündəmə gətirilib.

Sürücülərin əksəriyyətinin sürücülük vəsiqəsi olmadan iri tutumlu avtobuslar idarə etməsi, çox zaman insan tələfatı ilə nəticələnən qəzalar törətməsi, sərnişinlərlə kobud rəftarı barədə fikir bildirən gənclər balığın başdan iyləndiyini vurğulayıblar. Müzakirələr zamanı Nəqliyyat Nazirliyinin bu sahəni monopoliyaya aldığı və sağlam rəqabətə şərait yaratmaması səbəbindən problemlərin gündən-günə həll olunmaq əvəzinə daha da artdığı bildirilib.

Həmçinin Nəqliyyat Nazirliyinin intellektual idarəetmə sisteminin tam iflasa uğradığı söylənilib. «Dövlət büdcəsinə az qala 100 milyon manatdan da artıq vəsaitə başa gələn nəqliyyatda intellektual idarəetmə sistemi quraşdırılıb axıra çatmamış artıq sıradan çıxmaqdadır. Bu fakt bir daha təsdiqləyir ki, məqsəd insanlara səmərəli xidmət deyil, iri layihələrdən istifadə etməklə büdcəni talamaq və insanların ictimai nəqliyyat imkanlarını daha acınacaqlı hala salmaqdır» - deyə qeyd olunub.

Metropolitenin də ictimai nəqliyyatda xüsusi əhəmiyyət daşıdığını bildirən Gənclər Məclisi bu nəqliyyat vasitəsinin də işini düzgün qurmaması səbəbindən həm metro giriş-çıxışlarında, həm də qatarlarda dəhşətli basabas yarandığını ifadə ediblər: «Metro giriş-çıxışlarında sərnişinlərə ciddi maneə yaradan ticarət obyektlərinin mövcudluğunu metropolitenin maddi imkanlarının yaxşılaşması ilə izah edirlər. Ancaq büdcədən ayrılan dotasiyalar və müxtəlif gəlirlər yenə də metrodakı sərnişindaşımaya müsbət mənada heç bir təsir etmir. Qatarlar arasındakı intervallar 2 dəqiqə müəyyənləşsə də, bu intervalların artması bəzən ciddi fəsadlar və narahatlıqlar yaradır» - deyə gənclər bildiriblər.

Gənclər vahid kart sisteminin tətbiqini, bu sahədə şəffaflığın yaranmasını və monopoliyanın aradan qaldırılmasını, dövlət nəzarətində olmalı bu ictimai nəqliyyatların məmurların şəxsi biznes sahəsinə çevrilməsinin qarşısının alınmasını yeganə çıxış yolu kimi gördüklərini açıqlayıblar.