Bakıya gələn ərəblərin sayı 25% artıb - Rekord hədd

bakiya-gelen-ereblerin-sayi-25-artib
Oxunma sayı: 1766

2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

Dövlət Turizm Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qonaqların üçdə birindən çoxunu- 35%-ini Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib. 

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb. Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.